Yaşam arzusu və vicdan arasında: "Cəhənnəm sakinləri"
1937-ci ilin son günü
Hər kəs öz evində yeni ilin gəlişini qeyd etməyə hazırlaşır. Lakin hər qapının arxasında qorxu, hər gülümsəmənin altında gizli fırtına, hər "sabah" sözünün içində ölümün soyuq nəfəsi var. Elçinin "Cəhənnəm sakinləri" pyesi məhz bu qorxuların, bu səssiz, daxili cəhənnəmin pəncərələrini tamaşaçıya açır. Akademik Milli Dram Teatrı tərəfindən səhnəyə qoyulan tamaşa yalnız bir ailənin deyil, bütün bir dövrün taleyini əks etdirir. Burada hər hərəkət, hər baxış, hər səssiz nəfəs o məşum illərin ruhunu gətirir.
Tamaşa 1937-ci il repressiya dalğasının yaratdığı insan dramını bir ailənin timsalında göstərir. Hər kəs özünü, ailəsini qorumaq üçün gizli qorxularla, ikili oyunlarla yaşamağa məcbur olur. Şeytan, iblis və bütün xəbisliklər uzaqda deyil, onlar insanların daxilindədir. Hər bir qəhrəman bu cəhənnəmin sakini kimi davranır, hər hərəkəti, hər qərarı, hər sözünü qorxu və yaşam instinkti idarə edir. İnsanlar bir-birinə və özlərinə qarşı ikiliyyət göstərir, özlərinin belə tanımadıqları obraza çevrilirlər.
Səhnə açılır: qara qutu formasında düzülmüş məkan, mərkəzdə stol və stullar, onları əhatə edən qapılar… Bu məkan sadə görünsə də içində ölüm gizlənən labirintə bənzəyir. Tamaşanın başlanğıcında yeni il gecəsi, mehriban ailə, qonum-qonşular… və zəng. Bir zəng ki, insanın qəlbini dondurur, hər an həyatın sonunu gətirə bilər. Zəngin ritmi musiqiyə qarışaraq səhnə ilə birlikdə tamaşaçıya narahatlıq və gərginliyi hiss etdirir.
Qadın (Məleykə Əsədova) və kişi (Elşən Rüstəmov) tamaşanın mərkəzindədir. Onların tandemi yalnız bir ailənin hekayəsini deyil, həmin dövrün insanlarının qorxu və ikiliyyətini əks etdirir. Qadın evini, ərini və ailəsini qorumağa çalışır, amma hər qapı döyüləndə, hər xəbər gəldikdə müdafiəsi uzun çəkmir. Kişi daha dözümlü və iradəlidir, amma onun qorxusu gözlərindən, narahat baxışlarından və təlaşlı hərəkətlərindən oxunur. Onlar qorxu üzərində qurulmuş bir zamanın, görünməz cəhənnəmin məcburi sakinləridir.
Əgər bayram varsa, onun çağırılmamış qonağı da olmalıdır. Lakin o, ənənəvi müsafirlərdən deyil. Onun (Nurəddin Mehdixanlı) gəlişi tamaşanın mənəvi oxunu kəskinləşdirir. Ailə içindəki xəyanəti və onların iç üzünü ifşa edir. Bu həqiqətlər tamaşanın bütün gərginliyini artırır.
Kişi qadından gizli, qadın kişidən xəbərsiz NKVD ilə əməkdaşlıq edir, tost deyib, yeyib-içdikləri dostlarını satıblarmış. Onlar xəyanətə meylli, satqınlığa öyrəncəli – məhz 37-ci ilin ənənəvi sakini olduqları cəhənnəmin qəhrəmanlarıdırlar.
Tamaşada hadisələrin özü konflikt kimi təqdim olunur. 37-ci il – həll olunmaz, dəyişməz, hər an ölümün gözləndiyi zaman. İnsanlar yaşamaq üçün hər şeyi edirlər: satırlar, aldadırlar, gizləyirlər… Bəzən haqsızlıq və qorxu belə insanları bir-birinə qarşı silah halına gətirir. Tamaşa göstərir ki, burada heç bir şəxsiyyət tam təmiz deyil, hər bir qəhrəman həm qurban, həm də günahkardır.
Səhnə quruluşu və işıq həlli Azər Paşa Nemətovun imzasıdır. Açıq qara məkan, konstruktiv dəqiqliklə yerləşdirilmiş elementlər, işıqların oyunu – hər detal tamaşaçıya dövrün atmosferini hiss etdirir. Hər jest, hər baxış, hər səssiz dayanışma tamaşaçıya sanki o zamanın içində olduğu duyğusunu ötürür. Tamaşa zamanı səslənən musiqilər səhnədə gərginliyi və emosiyanı yüksəldir.
"Cəhənnəm sakinləri" fəlsəfi yükü ilə də seçilir. Tamaşa həyat və ölüm anlayışlarını qarşı-qarşıya qoyur. Yaşamaq instinkti insanı hansı həddə qədər aparır? İnsan yaşamaq üçün nə qədər dəyərlərindən keçə bilər?
Paradoksal tezis açıq-aydın görünür: həyat səhvdir, ölüm isə onun düzəlişidir. İnsan yalnız ağrı hiss etdikdə həyatın gerçəkliyini və yaşamağın əsl dəyərini dərk edir. Bu pyes göstərir ki, 37-ci ilin cəhənnəmində insan yalnız var olur. Tam mənası ilə yaşamadığını isə hər an ölümün kölgəsi altında hərəkət edərkən anlayır.
Tamaşada həm də milli tariximizin acı gerçəkləri öz əksini tapır. 37-ci ilin sakini olmaq sadəcə hadisələrə baxmaq deyil, bu, qorxu, ikiliyyət və səssiz müqavimət arasında yaşamaq deməkdir. Tamaşanın hər anı tamaşaçını o dövrün cəhənnəminə çəkir, hadisələri, insanları və onların psixoloji portretini əyani şəkildə göstərir.
"Cəhənnəm sakinləri" yalnız pyes deyil. Bu, Azərbaycanın tarixi yaddaşına, insanlarının həyatına və psixoloji təlatümlərinə dərin baxışdır. Tamaşa göstərir ki, hər birimizin içində gizli bir cəhənnəm və hər birimizin iç üzünü ortaya çıxaran zamanlar var. Səhnə, aktyorlar və musiqi bu zamanları təkrar canlandırır, tamaşaçıya bu acı gerçəyi qəlbindən hiss etdirməyə çalışır.








Nigar Yahyazadə
18:15 15.12.2025
Oxunuş sayı: 1032