Rus bölməsində oxuyanlar üçün Azərbaycan dili: məcburiyyət, yoxsa zərurət?
Son illər Azərbaycan dilinin təhsil sistemindəki rolu yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə rus və ingilis bölmələrində təhsil alan şagirdlərin bir qisminin öz dilimizdə sərbəst ünsiyyət qura bilməməsi cəmiyyətdə narahatlıq doğurur. Bu fonda qəbul edilən yeni qərarlar rus və ingilis bölmələrində bir sıra fənlərin Azərbaycan dilində tədrisini nəzərdə tutur. Məqsəd dövlət dilinin gündəlik istifadəsini artırmaq, gənclərin rəsmi və ictimai mühitə daha rahat inteqrasiya olunmasını təmin etməkdir. Bəs məsələyə necə yanaşmaq lazımdır ki, həm milli maraqlara xidmət etsin, həm də təhsilalanların akademik inkişafına zərər vurmasın?
Mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu Crossmedia.az-a açıqlama verib. O bildirib ki, burada yanaşma qadağa və məcburiyyət üzərində yox, mərhələli və məntiqli inteqrasiya üzərində qurulmalıdır: ‘’Azərbaycan dilinin keçilməsinin müsbət tərəfləri kifayət qədərdir. Çünki Azərbaycan dili dövlət dilidir və bu dildə səlist danışmaq vətəndaşlıq məsuliyyətidir. Azərbaycan Konstitusiyasının 21-ci maddəsində də məhz bu təsbit olunur. Azərbaycan dövlət dili Azərbaycan dilidir və dövlət dilimizin inkişafını təmin edir. Həmçinin “Dövlət dili haqqında” qanunda da bu məsələ öz əksini tapır. Rus və ingilis bölmələrində oxuyanların bir hissəsi gündəlik həyatda Azərbaycan dilində danışmağa çətinlik çəkir. Bu, real problemdir və biz bunu gündəlik həyatımızda görürük. Dövlət qurumlarında, hüquqi sənədlərdə və ictimai mühitdə əsas dil Azərbaycan dilidir və təhsil sistemi də bu reallığa uyğunlaşmalıdır. Məsələn, mənə bir dəfə Dövlət Əmək Müfəttişliyi tərəfindən iki səhifəlik məktub yazılmışdı və həmin məktubda 26 dil səhvi var idi. Sonradan öyrəndim ki, məktubu yazan əməkdaş rus sektorunda təhsil almış rusdillidir. Bu məsələ realdır və biz bununla tez-tez qarşılaşırıq".
Ekspert qeyd edib ki, bir neçə fənnin Azərbaycan dilində tədris edilməsi, yəni sadəcə qrammatika yox, ünsiyyət vasitəsi kimi öyrədilən dərslər problemi aradan qaldırmağa kömək edə bilər: ‘’Amma burada risklər və diqqət edilməli məqamlar da var. Əgər rus və ingilis bölmələrində oxuyanlar üçün kəskin və ani keçid tətbiq olunarsa, bu, şagirdlərin akademik nəticələrinə mənfi təsir göstərə bilər. Dil səviyyəsi nəzərə alınmadan eyni proqramın tətbiqi ədalətsiz olar. Eyni zamanda müəllimlərin özlərinin də Azərbaycan dilində fənni yüksək səviyyədə tədris etmək bacarığı olmalıdır. Mənim fikrimcə, ən düzgün model mərhələli keçiddir. Məsələn, əvvəlcə 1-2 fənnin Azərbaycan dilində tədrisinə başlanıla bilər. Azərbaycanda tədris daha çox praktika və ünsiyyət üzərində qurulmalı, test mərkəzli olmamalıdır. Dövlət dilinə üstünlük verilməklə yanaşı, rus və ingilis dillərinin də üstünlükləri qorunmalıdır. Bu, ölkənin interaktiv və beynəlxalq potensialı üçün vacibdir. Burada məcburiyyət yox, motivasiya əsas rol oynamalıdır: sertifikatlar, iş imkanları və ictimai üstünlüklər yaradılmalıdır. Ümumiyyətlə, Azərbaycan dilinin öyrədilməsi tamamilə doğru və zəruridir. Amma bu proses tələskənliklə yox, keyfiyyətli dil siyasəti ilə aparılmalıdır. Məqsəd həm milli birliyi gücləndirmək, həm də təhsilin səviyyəsini aşağı salmamaqdır’’.
Sevinc Yarməmmədova
14:15 15.12.2025
Oxunuş sayı: 1111