İcra başçısının hərəkəti narazılıq yaratdı
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov vətəndaşlara münasibətdə yol verdiyi səhvi aradan qaldırıb. O, fevralın 11-də şəhid Nəsibov Akşin Vasif oğlunun ailə üzvlərini və rayondan olan 2 sakini qəbul edib.
Crossmedia.az xəbər verir ki, ötən görüşlərdən fərqli olaraq, R.Babaşov sakinləri daha ehtiramla qarşılayıb.
Daha dəqiq desək, icra başçısı şəhid valideynlərini və digər vətəndaşları bu dəfə öz dəyirmi masasında əyləşdirməyi ağlına gətirib.
Rəcəb Babaşov əvvəlki vətəndaş qəbullarında sakinləri özündən uzaqda oturtmağı bir növ adət etmişdi. O, 4 fevralda və daha öncə baş tutan bütün görüşlərdə qəbul etdiyi sakinləri öz masasından xeyli kənarda yerləşən stullarda əyləşdirirdi. Rayon İcra Hakimiyyətinin saytına yerləşdirilən fotolarda icra başçısının öz sakinləri ilə soyuq davranışı dəfələrlə ciddi müzakirələrə və tənqidlərə səbəb olub.
Görünən odur ki, Rəcəb Babaşov öz səhvlərindən nəticə çıxarmağa başlayıb. Hər hansı bir icra başçısının rəhbərlik etdiyi rayon yaxud şəhərin sakinlərinə yuxarıdan aşağı baxması birmənalı şəkildə qəbuledilməzdir.
Ümid edirik ki, Rəcəb Babaşov bundan sonra rəhbərlik etdiyi rayonun sakinlərinə qarşı daha nəzakətli və səmimi olmağı bacarar.
Qeyd edək ki, R.Babaşov 2009-cu ildən Qazax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.
21:45 12.02.2026
Oxunuş sayı: 495