Deputatdan müjdə: Yaxın zamanda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin bu narahatlığına son qoyulacaq
"Son zamanlar mətbuat nümayəndələrinin deputatlara ünvanladığı suallardan biri də onların təmsil olunduğu rayonların İcra hakimiyyəti başçısının fəaliyyətinə olan münasibətlə bağlıdır. Bu sual bir neçə dəfə mənə də ünvanlanmışdır. Cavabım isə sağlam düşüncə, işgüzar mühit, məmnunluq hissləri üzərində qurulan birgə iş prinsipi, bu münasibətlərin əsas olduğu üzərində qurulmuşdur".
Bunu Crossmedia.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
"Əvvəlcə onu qeyd etmək istəyirəm ki, həm rayonun deputatının, həm də başçının məqsədi insanların arasında olmaq, görüşlər keçirmək, narahat edən məsələlərin həll olunmasına çalışmaq və rayon sakinlərinin etimadını qazanmaq, məmnunluğunu artırmaqdır. Əslində, cənab Prezident İlham Əliyevin Milli Məclisin üzvlərinə tövsiyyəsi və hər bir rayona rəhbər təyin edərkən onun qarşısına qoyduğu əsas vəzifə də budur. İcra başçısı və deputat arasında münasibətlərin sağlam olması rayonun sosial-inkişafı məsələlərinin həllinə də öz müsbət təsirini göstərir. Belə ki, təmsil olunduğum Qusar rayonunda olan bu münasibəti nümunə kimi qeyd edə bilərəm. Biz rayonun sosial-iqtisadi inkişafı və rayon sakinlərini narahat edən məsələləri bir yerdə müzakirə edirik və həll olunması üçün hər kəs özünün səlahiyyətləri çərçivəsində çalışır. Rayonun deputatı olaraq deyə bilərəm ki, sağlam münasibətlər üzərində qurulan fəaliyyət rayonun ictimai-siyasi həyatında da məmunluqla qarşılanır. Həm də sağlam mühit, koordinasiyalı iş olduqda nəticələr daha tez əldə olunur ki, bu da ümumi iş zamanı prosesdən, işləməkdən zövq almağa səbəb olur. Bunun özü çox önəmli amildir.
Dünən yağışlı və soyuq bazar günü olmasına baxmayaraq rayon rəhbəri və deputat olaraq biz bir yerdə uzun illər rayon sakinlərimizi narahat edən iki böyük layihənin başlanması ilə bağlı işlərin gedişatı ilə tanış olmaq üçün yerində baxış keçirtdik. Birinci layihə şəhid ailələri və Qarabağ müharibəsinin əlilləri tərəfindən uzun illər mütəmadi qaldırılan mənzillərin təmin edilməsi məsələsidir. Bu gün biz həmin layihənin tikintisi işləri ilə tanış olduq. Qusarda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 112 mənzillik iki 5 mərtəbəli binanın tikintisinin bünövrəsi qoyulmuşdur. İşlər çox keyfiyyətlə icra olunur. Hesab edirəm ki, yaxın zamanda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin bu narahatlığına son qoyulacaq, -o bildirib.
Parlamentari söyləyib ki, ikinci məsələ isə Qusarda yerləşən 500 min kubmetr tutumlu “Bənövşə gölü” su anbarının yenidən qurulmasıdır: "Bu gün biz bu su anbarının mövcud vəziyyətinə yerindəcə baxış keçirtdik. Düzü, mövcud vəziyyət ürək ağrıdır. Nə vaxtsa dolu olan, Qusar və ətraf kəndləri su ilə təmin edən bu su anbarını qamış və kol-kos basaraq yarıtmaz vəziyyətə salıb. Qeyd etmək istəyirəm ki, dövlət başçısının müvafiq sərəncamı ilə sözügedən su anbarının yenidən qurulması və bərpasına ilkin olaraq 1 milyon manat vəsait artıq ayrılmışdır və yaxın zamanda tikinti işlərinə başlanılacaqdır. Su anbarının yenidən qurulması həm Qusar şəhəri üçün ehtiyat su mənbəyi yaradacaq, həm də Qusar şəhəri ətrafı 6 kəndin su təminatı həyata keçiriləcəkdir.
Bəli, qarşımızda görülməli işlər çoxdur. İşgüzar mühit, sağlam münasibətlər və insanların məmnunluğu ancaq rayonun inkişafının sürətlənməsinə töhfə verir. Odur ki, mövcud dəst-xətti qoruyaraq Qusarımızın daha da inkişaf etməsi, gözəlləşməsi yolunda əzmlə çalışacağıq".
Ayhan
11:21 08.12.2025
Oxunuş sayı: 2431