Azərbaycanın xarici siyasətinin əsas prioriteti regional əməkdaşlıqdır - Rəy
Cənubi Qafqaz regionunda yeni təhlükəsizlik arxitekturasının formalaşması və iqtisadi əməkdaşlıq imkanlarının genişlənməsi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Məhz bu kontekstdə "Tramp Marşrutu" (TRIPP – Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən 42 kilometrlik hissəsi) layihəsinin vaxtında və qarşılıqlı razılaşmalar əsasında reallaşdırılması xüsusi strateji əhəmiyyət daşıyır. Söhbət təkcə Azərbaycan üçün mühüm olan Naxçıvan Muxtar Respublikası ilə əsas hissə arasında maneəsiz bağlantının təmin edilməsindən deyil, eyni zamanda bütün regionun lojistik xəritəsini və iqtisadi perspektivlərini dəyişə biləcək multimodal nəqliyyat modelindən gedir.
Bu marşrutun açılması həm də Ermənistanı regional layihələrin kənarında qalmaq təhlükəsindən xilas etməklə ona yeni iqtisadi nəfəs verə bilər. Çünki layihə təkcə dəmir yolu və avtomobil yolu ilə məhdudlaşmır, həmçinin kommunikasiya xətlərinin inteqrasiyasına, ticarət axınlarının səmərəli idarə olunmasına və tranzit potensialının artırılmasına xidmət edir. Bununla yanaşı, TRIPP təşəbbüsü Cənubi Qafqazın beynəlxalq nəqliyyat şəbəkələrinə qoşulmasını gücləndirərək regiondaxili gərginlikləri azaltmağa, sülhün davamlılığını təmin etməyə imkan yaradır.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu məqamları Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının 32-ci iclasında geniş şəkildə şərh edərək, layihənin təkcə ikitərəfli deyil, daha böyük miqyasda regional və qlobal əhəmiyyətə malik olduğunu vurğulamışdır. Onun çıxışı göstərdi ki, kommunikasiyaların açılması yalnız sülhün təminatı ilə məhdudlaşmır, həm də dayanıqlı iqtisadi inteqrasiyanın vacib komponenti kimi çıxış edir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Səməd Seyidov Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Biz illər boyu regionda sülhün və əmin-amanlığın təmin edilməsi uğrunda mübarizə aparmışıq. Separatizmin bölgəyə gətirdiyi bəlaların aradan qaldırılması, Azərbaycanın bütövlüyünün bərpası məqsədilə Vətən müharibəsi aparmışıq. Məqsəd isə hər zaman aydın olub: Azərbaycan xalqının firavan yaşaması, ölkəmizin beynəlxalq müstəvidə yüksək səviyyədə təmsil olunması və regional sabitliyin təmin edilməsi.
Bu niyyətlər yalnız sülh şəraitində mümkündür. Azərbaycan heç vaxt münaqişə tərəfdarı olmayıb, əksinə, daim ədalətli və dayanıqlı sülhün möhkəmlənməsi üçün çalışıb. Sadəcə uzun illər bizi işğal altında saxlayan qüvvələr vardı və biz qalib xalq kimi bu maneələri dəf etdik. Bu gün Azərbaycan tamamilə yeni bir reallıqda, daha yüksək siyasi, diplomatik və iqtisadi səviyyədə özünü təqdim edir. Xarici siyasətimizin əsas prioriteti isə artıq sülh və regional əməkdaşlıqdır".
Deputat, həmçinin Azərbaycanın bu siyasətini yalnız sözlə deyil, konkret addımlarla sübut etdiyini bildirib:
"2025-ci il 8 avqust tarixində Vaşinqtonda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair görüş, üçüncü dövlətlər tərəfindən iki ölkədən keçən mallara qoyulmuş qadağaların aradan qaldırılması, qeyri-dövlət təşkilatlarının birgə fəaliyyətlərinin genişləndirilməsi, sərhədlərin delimitasiya və demarkasiyası üzrə birgə komissiyanın Qəbələdə iclası kimi təşəbbüslər Azərbaycanın sülh strategiyasının bariz nümunələridir.
Eləcə də, Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisinin Ermənistan Təhlükəsizlik Şurasının katibi ilə birgə konfransda iştirakı, TRIPP – Tramp marşrutunun reallaşdırılması istiqamətində görülən işlər, ABŞ ilə əməkdaşlığın strateji səviyyəyə yüksəlməsi, “Anam Sanata Kovaz” komissiyasına ABŞ-ın yüksək vəzifəli şəxslərindən birinin həmsədr təyin olunması – bütün bunlar Azərbaycanın regional maraqlara cavab verən, qlobal reallıqlarla uzlaşan düzgün siyasət apardığını göstərir.
Bu baxımdan Ceyhun müəllimin sülh mövzusunda səsləndirdiyi fikirlər tamamilə həqiqidir. Bu, təkcə xarici siyasətimizin əsas istiqaməti deyil, həm də Azərbaycan xalqının uzun illərdir arzuladığı və bu gün real şəkildə gerçəkləşən hədəflərin nəticəsidir".
Elmir Heydərli
14:03 05.12.2025
Oxunuş sayı: 1987