İran XİN başçısı Bakıya gəlir: İkitərəfli münasibətlərdə nələr gözlənilir?
İran xarici işlər naziri Abbas Əraqçinin növbəti həftə Azərbaycana planlaşdırılan səfəri regionda diplomatik münasibətlərin fəallaşması və ikitərəfli əməkdaşlığın yeni mərhələyə keçməsi baxımından diqqətçəkəndir. İranın Azərbaycandakı səfirliyi tərəfindən təsdiqlənən bu səfər, iki ölkə arasında siyasi dialoqun intensivləşməsi və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi üçün mühüm platforma kimi qiymətləndirilir. Gözlənilir ki, görüşlər zamanı regional təhlükəsizlik, nəqliyyat-kommunikasiya layihələri, iqtisadi əlaqələr və sərhəd əməkdaşlığı kimi aktual mövzular üzrə müzakirələr aparılacaq.

Gözlənilən səfərlə politoloq Elxan Şahinoğlu Crossmedia.az-la öz fikirlərini bölüşüb: "İki ölkə rəsmiləri və diplomatları arasında əlaqələr intensivləşib, görüşlərin sayı artıb. İran Prezidenti Mesud Pezeşkian son bir il ərzində iki dəfə Azərbaycana səfər edib və çox səmimi görüşlər keçirilib. Azərbaycan İranla normal münasibətlərin inkişafında maraqlıdır, ticarət əlaqələrinin genişlənməsini və birgə layihələrin həyata keçirilməsini istəyir. Doğrudur, İranda müəyyən dairələr – xüsusilə mühafizəkar qüvvələr – bu əlaqələrə hər zaman zərər vurmağa cəhd göstəriblər. Lakin biz, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, əsasən rəsmi institutların mövqeyinə diqqət yetiririk. İranın rəsmi qurumları əməkdaşlıqda maraqlıdırmı? Prezidentlər münasibətlərin inkişafını istəyirlər və bu istiqamətdə iradə nümayiş etdirirlər. İranın xarici işlər naziri Abbas Əraqçinin Azərbaycana səfərinə də məhz bu kontekstdə yanaşmaq lazımdır. Bakıda münasibətlərin daha da genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi kimi məsələlərin müzakirə olunacağı gözlənilir".
Elmir Heydərli
13:41 05.12.2025
Oxunuş sayı: 2093