İran Azərbaycana quru sərhədlərinin açılmasını təklif edə bilər - AÇIQLAMA
İran-Azərbaycan münasibətlərində yeni mərhələ başlayır. Regionda geosiyasi və iqtisadi maraqların kəsişdiyi bir dönəmdə, Tehran və Bakı arasında əlaqələrin gücləndirilməsi daha da aktuallaşıb. Gələn həftə İranın xarici işlər naziri Abbas Əraqçinin Azərbaycana səfəri gözlənilir ki, bu da iki ölkə arasında həm diplomatik, həm də iqtisadi əməkdaşlığın perspektivlərini önə çıxarır. Səfərin fonunda şimal-cənub nəqliyyat dəhlizinin inkişafı, Zəngəzur dəhlizinin rolu və regional strateji maraqlar diqqət mərkəzindədir.

Mövzu ilə bağlı politoloq Aydın Quliyev Crossmedia.az-a verdiyi açıqlamasında bildirib ki, hazırda İran-Azərbaycan münasibətləri səfirlik terrorunun sonrakı yüksəlişinin başlanğıcındadır: ‘’Azərbaycan da İranla münasibətləri daha da yaxşılaşdırmaq niyyətindədir. Bu günlərdə Prezidentin köməkçisi Hikmət Haciyev İranla münasibətlərə bir daha toxundu və münasibətləri inkişaf etdirmək iradəsini ifadə etdi. Eyni zamanda bundan əvvəl Azərbaycan, Rusiya və İran şimal-cənub dəhlizinin qərb qolunun daha da inkişaf etdirilməsi üçün bir sənəd imzaladılar. Görsənir ki, hazırda qərblə Rusiyanın münasibətlərinin kəskinləşdiyi şəraitində Rusiya İranla şimal-cənub nəqliyyat dəhlizinin işini daha da aktivləşdirmək fikrindədir. Burada Azərbaycanın dəstəyi olmadan ötüşmək mümkün deyil. Eyni zamanda Azərbaycanın bu dəhliz üzərində daha fəal əməkdaşlığa cəlb olunması bəzi işlərin görülməsindən asılıdır. O cümlədən Tehran-Rəşt-Astara dəmir yolunun çəkilməsi ciddi vəzifələrdən biridir. Əgər bu dəmir yolu çəkilməsə, şimal-cənub dəhlizinin tam potensialla işləməsi mümkün olmayacaq. Belə şəraitdə İranla Azərbaycanın arasında bir sıra məsələlərin həllinə ehtiyyac var’’.
Politoloq qeyd edib ki, Zəngəzur dəhlizi ilə bağlı İranın mövqeyi də ciddi şəkildə dəyişməkdədir: ‘’Çünki rəsmi Tehran başa düşür ki, bu dəhliz İran olsa da olmasa da reallaşacaq. Zəngəzur dəhlizinin açılması üçün indi dünyada daha qüdrətli qüvvələr prosesə daxil olublar, Amerika, Avropa və s. Belə şəraitdə İran da Zəngəzur dəhlizi, ümumiyyətlə Şərq-Qərb nəqliyyat dəhlizinin bir seqmenti olan Zəngəzur dəhlizinin imkanlarından istifadə haqqında düşünür. Buna görə də İranın indiki şəraitdə Azərbaycanla əlaqələri daha da gücləndirməsinə ehtiyac var. Hətta mümkündür ki, İran Azərbaycana quru sərhədlərinin açılmasını belə indiki şəraitdə təklif etsin, baxmayaraq ki, Azərbaycanın bununla bağlı öz fikirləri var. Amma istisna deyil ki, İran indiki şəraitdə Azərbaycanla quru yolun açılmasına daha böyük maraq göstərsin’’.
Sevinc Yarməmmədova
17:50 04.12.2025
Oxunuş sayı: 2424