Minsk qrupunun ləğvi Azərbaycan diplomatiya tarixində mühüm mərhələdir - Deputat
Cənubi Qafqazda onilliklərdir davam edən mürəkkəb diplomatik mübarizənin kulminasiya nöqtəsinə çevrilən son hadisələr regional təhlükəsizlik arxitekturasında yeni reallıqlar yaratdı. Azərbaycan beynəlxalq münasibətlərin əsas prinsiplərinə söykənən ardıcıl siyasəti ilə həm siyasi legitimliyini, həm də qlobal səviyyədə nüfuzunu daha da möhkəmləndirdi. Uzun illər ərzində sülh prosesinin ayrılmaz hissəsi kimi təqdim edilən, lakin praktiki nəticə verməyən vasitəçilik mexanizmlərinin tarixə qovuşması regionda tamamilə yeni diplomatik səhifə açdı. Bu dönüş nöqtəsi təkcə Azərbaycanın siyasi iradəsinin təzahürü deyil, həm də beynəlxalq birliyin ədalət və reallıq çağırışına cavab verməsinin bariz göstəricisi kimi qiymətləndirilir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında deputat Pərvanə Vəliyeva 2025-ci il sentyabrın 1-də Ermənistan və Azərbaycanın ATƏT-in Finlandiya sədrliyinə birgə müraciətindən sonra qəbul edilmiş Nazirlər Şurasının qərarına uyğun olaraq 2025-ci il noyabrın 30-da saat 23:59-da Minsk prosesinin və onunla əlaqəli strukturların bağlanmasının başa çatdığını bildirib.
Onun sözlərinə görə, Azərbaycanın mövqeyinin nəticəsi olaraq ATƏT çərçivəsində 57 ölkənin konsensusla verdiyi qərar Minsk qrupu və ona bağlı strukturların rəsmi şəkildə ləğvini təmin edir. Bu fakt Azərbaycanın mövqeyinin legitimliyinin və beynəlxalq miqyasda qəbul edildiyinin aydın göstəricisi kimi qiymətləndirilir.
Deputat qeyd edib ki, 8 avqustda tarixi Vaşinqton görüşündə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin imzaladığı Birgə Bəyannamədə Minsk Qrupunun ləğv edilməsi təsdiqlənib. Ermənistan Azərbaycanın şərtlərini qəbul edərək ATƏT-ə birgə müraciət etməyə məcbur qalıb.
P. Vəliyeva vurğulayıb ki, Prezident İlham Əliyevin prinsipial diplomatik addımları nəticəsində qrupun tam ləğvi təmin olunub. Onun fikrincə, Minsk qrupunun ləğvi Azərbaycanın diplomatiya tarixində mühüm mərhələdir və bu hadisə ölkənin qətiyyətli, ardıcıl diplomatik xəttinin nəticəsi olaraq əldə olunmuş böyük siyasi uğur kimi dəyərləndirilir.
O həmçinin əlavə edib ki, Ermənistanın sülh müqaviləsinə imza atmaq üçün atmalı olduğu növbəti əsas addım Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanımaq və bunun üçün öz Müstəqillik Bəyannaməsi və Konstitusiyasının Preambula hissəsinə labüd dəyişikliklər etməkdən ibarətdir.
Nigar Yahyazadə
13:44 04.12.2025
Oxunuş sayı: 2390