Azərbaycan müharibədən sonrakı dövrdə bir an belə dayanmadı- Deputat
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin “Azərbaycanın məqsədi regionda sabitlik, inkişaf və rifahdır” fikri müharibədən sonrakı mərhələdə ölkənin həyata keçirdiyi siyasətin mahiyyətini dəqiq şəkildə ifadə edir. Son beş ildə aparılan ardıcıl diplomatik xətt, genişmiqyaslı bərpa və quruculuq işləri, nəqliyyat-logistika dəhlizlərinin formalaşdırılması və beynəlxalq platformalarda artan fəallıq göstərir ki, Bakı bu hədəfi təkcə bəyanat səviyyəsində yox, real addımlardır.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda sürətli bərpa prosesi, Zəngəzur dəhlizi istiqamətində tamamlanan layihələr, Mərkəzi Asiya ilə əməkdaşlığın yeni mərhələyə keçməsi və bölgənin əsas enerji-nəqliyyat düyününün Azərbaycana çevrilməsi ölkənin sabitlik və rifah modelini regional miqyasda təsdiqləyən əsas faktorlardır.
Azərbaycan artıq təkcə öz təhlükəsizliyini möhkəmləndirən deyil, həm də region ölkələri üçün yeni iqtisadi imkanlar yaradan aparıcı aktor kimi çıxış edir. Bu mənada Hacıyevin fikri siyasi reallığın dəqiq təsviri olmaqla yanaşı, Azərbaycanın formalaşdırdığı yeni regional düzənin konturlarını da ortaya qoyur.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Müşfiq Məmmədli Crossmedia.az-a açıqlama verib:
"44 günlük müharibədən və antiterror əməliyyatlarından sonra Azərbaycan regionda yeni reallıq formalaşdırdı. Bu reallıq artıq bundan sonra ərazi iddiaları və “etnik hüquqların müdafiəsi” kimi bəhanələrlə Qafqazda qeyri-sabillik ocağı yaradan Ermənistanın bütün arqumentlərini faktiki olaraq sıradan çıxardı. Azərbaycan öz ərazisində yaşayan bütün xalqların təhlükəsizliyinə, onların dövlət qanunları çərçivəsində bütün vətəndaş hüquqlarından istifadə etməsinə tam qarant versə də, separatçı qüvvələr və 30 il ərzində müxtəlif cinayətlər törətmiş qruplar bərabərhüquqlu yaşamaq imkanından istifadə etmədilər. Qarabağda, Şərqi Zəngəzurda törədilən vəhşiliklərə, dağıntılara baxmayaraq, Azərbaycan yenə də sülh təşəbbüsü ilə çıxış etdi, bütün xalqlara və dövlətlərə regionun əməkdaşlıq, inkişaf və sabitlik məkanına çevrilməsi ilə bağlı mövqeyini açıq şəkildə nümayiş etdirdi".
Deputat müharibələr, qarşıdurmalar və qanlı hadisələrlə müşayiət olunan dövrün artıq arxada qaldığını qeyd edib: "Xüsusən Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsi, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişləndirilməsi və “5+1” formatında görüşlərin intensivləşdirilməsi bu istiqamətdə atılan mühüm addımlardandır. Cənab Prezidentin Mərkəzi Asiya ölkələrinin liderləri ilə ayrı-ayrılıqda keçirdiyi görüşlər artıq regionumuzda – Qafqaz və Mərkəzi Asiyada – yeni əməkdaşlıq modelinin formalaşdığını göstərir. Bu əməkdaşlıq regional inkişaf, nəqliyyat-logistika infrastrukturunun genişlənməsi və enerji nəqlinin məhz bizim coğrafiyamız üzərindən həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Buraya həm yaşıl enerji layihələri, həm də karbon-neutrallıq məqsədləri daxil edilir".
M.Məmmədli əlavə edib ki, Artıq Adriatik dənizindən Çin səddinə qədər uzanan və uzun illər boyu bir çoxları üçün utopik görünən ideyanın reallığa çevrildiyinin şahidi oluruq: "Bu ideya bütün region xalqlarının gələcək inkişafının və strateji sabitliyinin əsas təminatlarından birinə çevrilir. Azərbaycan müharibədən sonrakı dövrdə bir an belə dayanmadı. Cənab Prezidentin səfərləri və müəyyən etdiyi strateji xəttin ardıcıl taktiki gedişlərlə möhkəmləndirilməsi, infrastruktur layihələrinin ard-arda həyata keçirilməsi, Qarabağın sürətli yenidən qurulması və nəqliyyat arteriyalarının yenilənməsi bu fəallığın bariz nümunəsidir. Paralel şəkildə Ələt Azad İqtisadi Zonasının formalaşdırılması – xüsusilə də Mərkəzi Asiyadan daşınan yüklərin rahat və effektiv transferi məqsədi ilə yaradılan logistika imkanları – ölkənin regional ticarət xəritəsində rolunu daha da artırdı. Qarabağın azad olunmasından sonra bu zona artıq böyük bir əlaqələndirici “hab” funksiyasını yerinə yetirməyə başlayır. Ermənistanla sülh danışıqları çərçivəsində Vaşinqton görüşündən əldə olunan irəliləyiş, Azərbaycanın Zəngəzur dəhlizi istiqamətində olan işlərinin demək olar ki, tamamlanması, eləcə də dünyanın aparıcı güclərinin verdiyi dəstək bu prosesin möhkəm əsaslara söykəndiyini göstərir. Hazırda Avropa İttifaqının da bu istiqamətdə addımlar atması diqqətdən yayınmır. Bütün bunlar onu göstərir ki, regionda bu gün misilsiz iqtisadi inkişaf, sabitlik və qonşu xalqlar arasında əməkdaşlıq mühiti formalaşıb".
Ayhan
21:20 02.12.2025
Oxunuş sayı: 658