Azərbaycan Yaxın Şərqdə sabitlik prosesində əsas aktora çevrilir
EU Reporter portalında ukraynalı politoloq Taras Kuzionun Yaxın Şərqdə sabitliyin təmin olunmasında Azərbaycanın roluna dair geniş məqaləsi dərc edilib.
Crossmedia.az-ın məlumatına görə, Kuzio qeyd edir ki, keçmiş Dövlət Departamenti əməkdaşı Coş Pol və Amerika Erməni Milli Komitəsi tərəfindən yayılmış müraciətdə Azərbaycanın planlaşdırılan Beynəlxalq Sabitləşdirmə Qüvvələrində (ISF) iştirakına qarşı əsassız ittihamlar yer alır. O bildirir ki, sənəddə “Qarabağda cinayətlər” kimi iddialar BMT və beynəlxalq hüquq müdafiəçiləri tərəfindən təsdiqlənməyib, həmçinin Ermənistanın iki Qarabağ müharibəsindəki hərəkətləri tamamilə nəzərdən qaçırılır.
Politoloqun sözlərinə görə, 10 oktyabrda Tramp, Kuşner, Uitkoff və Toni Bler tərəfindən hazırlanmış, daha sonra Misirdəki sammitdə dəstəklənmiş Qəzza üzrə 20 maddəlik sülh planı ISF-in yaradılmasını nəzərdə tutur. Bu qüvvələr İsrail ordusunun çıxmasından sonra Qəzzada təhlükəsizliyi təmin edəcək və idarəetmə “Sülh Şurası” adlı Müvəqqəti beynəlxalq quruma veriləcək. Qəzza polisinin hazırlanması isə Misir və İordaniyanın iştirakı ilə həyata keçiriləcək.
Kuzio həmçinin Donald Trampın Azərbaycan–Ermənistan danışıqları prosesində də iştirak etdiyini xatırladır.
Məqalədə vurğulanır ki, ISF formatında Türkiyə mühüm tərəfdaş kimi nəzərdən keçirilir. Azərbaycan döyüşlərin tam dayanmasından sonra prosesə qoşulmağa hazır olduğunu bəyan edib və hazırda İƏT və Ərəb Dövlətləri Liqası ilə məsləhətləşmələr aparır. İndoneziya, Pakistan və Misir artıq ISF-ə qoşulmağa razılıq veriblər; Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər maliyyə dəstəyi təklif edib. Kanada və Avstraliya da maraq göstərib.
Kuzionun fikrincə, İranın geri çəkilməsi və ABŞ-nin fəal rolu ilə bölgədə uzunmüddətli sülhə real imkan yaranır və bu prosesin əsas dayaqları kimi Misir, Türkiyə, Azərbaycan və İndoneziya önə çıxır.
Günel Verdiyeva
17:47 02.12.2025
Oxunuş sayı: 876