Azərbaycan 90-cı illərin əvvəllərindəki AXC–Müsavat cütlüyü dövrünün Azərbaycanı deyil - Deputat
Azərbaycanın siyasi gündəmində son günlərin ən çox müzakirə olunan mövzularından biri AXCP sədri Əli Kərimli və partiya funksioneri Məmməd İbrahimin Dövlət Təhlükəsizliyi Xidmətində dindirilməsi olub. Məlumata görə, hər iki şəxs barələrində aparılan istintaq çərçivəsində ifadə verib və onların evlərində axtarışlar aparılıb. Bu prosesin sabiq Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevin cinayət işi ilə bağlı həyata keçirildiyi bildirilir. İstintaq orqanları Mehdiyev ilə Kərimli arasında cinayət məsuliyyəti yarada biləcək əlaqələrin olub-olmadığını araşdırır. Qeyd edək ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə Ramiz Mehdiyev dövlət hakimiyyətini ələ keçirməyə cəhd, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ittihamları üzrə 4 aylıq ev dustaqlığına məhkum olunub. Baş verənlər ölkədə siyasi dinamikaya yeni işıq salıb və geniş ictimai müzakirələrə səbəb olub.
Bu barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, Ramiz Mehdiyevin işi çərçivəsində adı hallanan və evlərində axtarış aparıldıqdan sonra saxlanılan AXCP sədri Əli Kərimli və partiyanın rəyasət heyətinin üzvü Məmməd İbrahim artıq istintaqa cəlb olunublar. Onun sözlərinə görə, Milli Şuranın sədri Cəmil Həsənli dindirilib və sərbəst buraxılıb. Eyni zamanda məlumat var ki, sabiq millət vəkili, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Bakıya gətirilərək ifadəsi alınır.
Deputat xatırladıb ki, bu məsələlərin kökü əsasən 2013-cü ilə gedib çıxır: “Həmin dövrdə regionda və beynəlxalq müstəvidə gərginlik hökm sürürdü. Gürcüstanda Saakaşvili komandasının dindirilməsi, Rusiyanın bölgədə artan təsiri, Ermənistanın Moskvanın forpostu kimi qalması, ABŞ-da Obama administrasiyasının Azərbaycana qarşı qeyri-konstruktiv mövqeyi və Türkiyənin daxili problemlərə yönəlməsi Rusiyaya burada 5-ci kolon vasitəsilə proseslərə təsir imkanları yaradırdı”.
V.İskəndərovun sözlərinə görə, həmin dövrdə yaradılan “Millətlər İttifaqı”, Abbas Abbasovun rəhbərliyi altında fəaliyyət göstərən strukturlar, ziyalılar forumu və ardınca formalaşan “İctimai Palata” anti-milli fəaliyyət istiqamətində qiymətləndirilirdi: “Sonra bu qüvvələr ‘Milli Şura’ adı altında birləşdilər. Müxalifət Rüstəm İbrahimbəyovu namizəd kimi irəli sürmək istədi, amma onun Rusiya vətəndaşı olması səbəbi ilə bu mümkün olmadı və nəticədə Cəmil Həsənli prezidentliyə namizəd göstərildi”.
Deputat qeyd edib ki, hazırda istintaq davam edir və yekun nəticələr məhkəmənin qərarı ilə müəyyənləşəcək: “Hazırda konkret fikir bildirmək çətin olsa da, görünən odur ki, bütün bu proseslər daxildəki marginal və məkirli qüvvələrin idarəsində olub. Burada Ramiz Mehdiyev amili ön plana çıxır. O, formal olaraq hakimiyyətdə dövlət idarəçiliyinə nəzarət etsə də, pərdəarxasında anti-milli qüvvələrə dəstək verərək ölkə daxilində 5-ci kolon yaradıb”.
Parlamentari vurğulayıb ki, Əli Kərimli və digər şəxslərin fəaliyyətində milli dövlətçilik maraqlarının əsas prioritet olmadığı görünür: “Onlar müxtəlif dövlətlərin təsiri altına düşə bilərlər, əsas məqsədləri hakimiyyət uğrunda daxili sabitliyi pozmaqdır”.
Deputat bildirib ki, bu gün Azərbaycan əvvəlki illərin zəif, siyasi çaxnaşma içində olan dövləti deyil: “Azərbaycan öz suverenliyini bərpa etmiş, müharibədə qələbə qazanmış, regionun lider ölkəsinə çevrilmiş güclü bir dövlətdir. Müvafiq dövlət qurumlarının apardığı istintaq daha geniş dairəni əhatə edə bilər və dövlətçiliyə qarşı fəaliyyət göstərən bütün şəxslər məsuliyyətə cəlb olunacaq. Günahkarlar istintaq nəticəsində müəyyən ediləcək və qanun qarşısında cavab verəcəklər. Güclü Azərbaycan dövləti bu proseslərin öhdəsindən layiqincə gələcək”.
Mehriban Yariyeva
10:15 02.12.2025
Oxunuş sayı: 6257