Aqil Abbas: Laçın Azərbaycanın İsveçrəsidir
Bu gün Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan, milli yaddaşımıza qızıl hərflərlə həkk olunmuş bir gündür – Laçın rayonunun işğaldan azad edildiyi gün. Otuz ilə yaxın həsrətin, nisgilin və ayrılığın ardından Laçının doğma yurduna qovuşması xalqımızın milli iradəsinin, sarsılmaz həmrəyliyinin və Vətənə olan sonsuz sevgisinin parlaq təntənəsidir.
Laçının azad edilməsi təkcə hərbi qələbə deyildi; bu, həm də ədalətin bərpası, tarixin öz həqiqi axarına qayıtması anlamına gəlirdi. Ən çətin dövrlərdə belə ümidini itirməyən, torpağının bir qarışını belə unutmayan Azərbaycan xalqı, Müzəffər Ali Baş Komandanın rəhbərliyi, qəhrəman ordumuzun şücaəti sayəsində bu müqəddəs günə qovuşdu.
Bu gün biz Laçının azad edilməsini qeyd etməklə yanaşı, həm də Azərbaycanın daha güclü, daha möhkəm və gələcəyə inamla irəliləyən dövlət kimi formalaşmasının bir simvolunu anırıq. Laçının işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpasında mühüm mərhələ olmaqla yanaşı, həm də regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə böyük töhfə verdi.
Bu tarixi gün bizə həm keçmişi unutmamağı, həm də gələcəyin qurulması naminə daha böyük məsuliyyət daşıdığımızı xatırladır. Bu gün Laçının azad edilməsinin sevincini yaşayarkən, şəhidlərimizin müqəddəs xatirəsini ehtiramla yad edir, qazilərimizin qəhrəmanlığını dərin minnətdarlıqla anırıq.
Əlamətdar gün ilə bağlı Milli Məclisin deputatı Aqil Abbas Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Laçının azad olunması, əlbəttə, çox qürurverici bir haldır. Deyərdim ki, Laçın Azərbaycanın İsveçrəsidir. Orada aparılan abadlıq işləri bunu bir daha sübut edir. İnsfrastuktur bərpa olunduqca bütün laçınlılar öz torpaqlarına qayıdacaqlar. Hər şey daha da yaxşı olacaq. Buna əminəm".
Elmir Heydərli
12:54 01.12.2025
Oxunuş sayı: 2128