Şok iddia: Putin Lavrovun “üstündən xətt çəkib”
ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkof noyabrın 19-da Türkiyəyə səfər edəcək.
Səfər çərçivəsində o, Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlarda iştirak edəcək.
Məlum olduğu kimi, rəsmi Ankara müharibənin ilk günündən etibarən hər iki tərəflə işləyir. Bu da Türkiyəni həm Rusiya, həm də Ukrayna üçün vacib tərəfdaşa çevirir. Təsadüfi deyil ki, hər iki tərəf atəşkəs danışıqlarında Ankaraya ümid edir.
Politoloq Natiq Miri Uitkofun Türkiyəyə səfərindən gözləntilərini Crossmedia.az-la bölüşüb: “"Rusiya artıq əvvəlki kimi qəbul oluna biləcək iddialar kontekstində çıxış etmir və bunun cəzasını artıq Rusiyanın xarici işlər naziri Sergey Lavrov da çəkib. Diqqət yetirsəniz, siyasi mühitdə “Lavrov amili” artıq nəzərə alınmır. Kreml rəhbəri Vladimir Putin faktiki olaraq onun “üzərindən xətt çəkib”. Rəsmi izah isə bundan ibarətdir ki, guya Budapeştdə ABŞ Prezidenti Donald Trampla Putin görüşünün gecikməsinə səbəb Lavrovun ABŞ-nin dövlət katibi Marko Rubio ilə apardığı danışıqlar və həddən artıq iddialı mövqeyi olub. Hazırkı mərhələdə Rusiya çox çətin vəziyyətlə üz-üzədir. Bir tərəfdən, Trampın “Rosneft” və “Lukoil” kimi şirkətlərə tətbiq etdiyi sanksiyalar nəticəsində Rusiya büdcəsi ciddi maliyyə məhdudiyyətləri ilə qarşılaşır, ixrac imkanları zəifləyir. Digər tərəfdən isə Ukrayna ordusu enerji daşıyıcıları infrastrukturunu, xüsusilə neft emalı zavodlarını intensiv şəkildə məhv edir ki, bu da Rusiyanın ixrac potensialını daha da zəiflədir. Nəticə etibarilə, Rusiyanın müharibəni davam etdirmək üçün maliyyə imkanları sürətlə azalır. Bunun fonunda artıq Rusiyada Ukrayna ilə danışıqlardan bəhs edilməyə başlanılıb.

Təbii ki, bu kontekstdə ABŞ-la da müəyyən əlaqələr və kontaktlar mövcuddur. Əgər Tramp və Putinin növbəti görüşü baş tutarsa, bu, nəticəyönümlü ola bilər. Ona görə də başda ABŞ olmaqla bütün tərəflər – Rusiya, Ukrayna və xüsusən də qardaş Türkiyə –prosesdə aktivləşib.
Məlum olduğu kimi, Zelenski yaxın günlərdə Türkiyəyə səfər edəcək. Bu səfər çərçivəsində Rusiya ilə danışıqların yenidən aktivləşdirilməsi əsas müzakirə mövzularından biri olacaq. Burada təkcə cənazələrin və ya əsirlərin dəyişdirilməsi deyil, həm də siyasi nəticə və konkret addımlardan ibarət məsələlər gündəmdə olacaq. Türkiyə də bu prosesdə fəal iştirak etmək niyyətindədir.
Bu kontekstdə ABŞ öz nümayəndəsi Uitkofu Türkiyəyə göndərir. Burada Uitkof Zelenski ilə danışıqlar aparacaq, Ukraynanın konkret şərtləri, sülh prosesinə baxışı və atəşkəsə dair mövqeyini öyrənəcək. Məqsəd Zelenskinin mövqeyini dəqiqləşdirib perspektivdə Rusiya ilə mümkün görüş kontekstində uyğunlaşdırmaqdır. Yəni əvvəlcə Ukraynanın fikri öyrəniləcək, sonra isə bu əsasda Rusiya ilə danışıqların bərpası üçün hazırlıq aparılacaq”.
Onun fikirncə, Uitkofun Türkiyəyə səfərinin məqsədlərindən biri də odur ki, əgər Ukrayna tərəfi hansısa güzəştə gedə biləcəksə, bu güzəştlərin sərhədi əvvəlcədən müəyyənləşdirilsin və daha sonra Rusiya tərəfi ilə danışıqlarda bu mövqelər uzlaşdırılsın: “Yalnız bundan sonra tərəflər arasında konkret yaxınlaşma olarsa, Tramp–Putin görüşündən danışmaq mümkün olacaq. Çünki bu görüş üçün ciddi hazırlıq və razılaşdırılmış mövqelər olmalıdır. Tramp hazırlıqsız, sadəcə protokol xatirinə görüşə razı deyil. Onun tələbi aydındır: görüş yalnız konkret siyasi nəticə verəcəksə baş tuta bilər.
Uitkofun Türkiyəyə səfəri, Zelenski ilə danışıqları, eləcə də Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşü məhz bu hazırlıq mərhələsinin necə təşkil olunacağı ilə bağlıdır. Bu prosesin nəticəsində hansı qərarların ortaya çıxacağı isə yalnız görüşlər başa çatdıqdan sonra məlum olacaq”.
Gülbəniz Bayramova
19:23 18.11.2025
Oxunuş sayı: 959