“Beynəlxalq sülh və əməkdaşlıq şəraitində qayıdış hüququ” adlı beynəlxalq elmi konfrans keçirilib
“Beynəlxalq sülh və əməkdaşlıq şəraitində qayıdış hüququ” adlı beynəlxalq elmi konfrans keçirilib.
Crossmedia.az xəbər verir ki, Qərbi Azərbaycan İcmasının Hüquq Komissiyasının təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Beynəlxalq sülh və əməkdaşlıq şəraitində qayıdış hüququ” adlı beynəlxalq elmi konfrans keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Qərbi azərbaycanlıların deportasiya tarixi və Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı fikirlərinin yer aldığı videoçarx nümayiş etdirilib.

Tədbir iştirakçılarını salamlayaraq konfransı açıq elan edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Hüquq Komissiyasının sədri, Böyük Qarakilsə rayon icmasının sədri, hüquq elmləri doktoru, professor Zahid Cəfərov çıxşış üçün sözü Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərliyə verib.
Çıxış edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli bildirib ki, qərbi azərbaycanlıların ləyaqətli qayıdış hüququ beynəlxalq hüququn təmin etdiyi fundamental insan haqqıdır və bu mövzuda elmi müzakirələrin aparılması böyük əhəmiyyət kəsb edir. Qeyd olunub ki, İcmanın əsas fəaliyyət sənədi olan Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında da göstərildiyi kimi, İcma öz fəaliyyətində ölkədaxili və beynəlxalq hüquqa əsaslanır. QAİ-nın əsas hədəfi insanların öz doğma yurdlarına dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmin edilməsidir. Bu məsələyə dair beynəlxalq məlumatlılığın artırılması, beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə dialoq İcmanın prioritet istiqamətlərindəndir. Hazıradək BMT-nin ali orqanlarına ünvanlanan çoxsaylı müraciətlər rəsmi sənəd kimi yayılıb və həmin sənədlərdə İcmanın beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət etdiyi vurğulanıb. Eyni zamanda, son 100 ildə ermənilərin Qərbi Azərbaycanda soydaşlarımıza qarşı törətdikləri fərdi və kollektiv cinayətlər geniş şəkildə diqqətə çatdırılıb.

Sonra Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Hüquq Komissiyasının sədri, hüquq elmləri doktoru, professor Zahid Cəfərov “Beynəlxalq hüquqda qayıdış hüququ” mövzusunda geniş və elmi əsaslara söykənən məruzə ilə çıxış edib. Məruzədə qayıdış hüququnun tarixi kökləri, bu hüququn beynəlxalq hüquqi sənədlərdə təsbit olunması, habelə dövlətlərin bu sahədə üzərinə götürdüyü öhdəliklərin mahiyyəti ətraflı şəkildə təhlil olunub. O, xüsusilə vurğulayıb ki, mülki əhalinin deportasiyası, məcburi köçürülməsi və onların mülkiyyət, təhlükəsizlik və ləyaqətlə qayıdış hüququ beynəlxalq hüququn dəyişməyən prinsiplərindən biridir və bu prinsipin icrası dövlətlərin birbaşa məsuliyyət sferasına daxildir.
Professor qeyd edib ki, mövcud beynəlxalq mexanizmlər — BMT sistemində fəaliyyət göstərən qurumlar, regional hüquqi strukturlar və dövlətlərarası müqavilələr — qayıdış hüququnun təminatı üçün mühüm platforma yaradır. Bu mexanizmlər həm tarixi ədalətin bərpasına, həm də insanların öz doğma torpaqlarına təhlükəsiz, sistemli və davamlı şəkildə geri dönməsinə hüquqi zəmin formalaşdırır.Məruzədə bildirilib ki, keçirilən konfransın əsas məqsədi Qərbi Azərbaycandan deportasiya olunmuş insanların doğma yurdlarına ləyaqətli, etibarlı və beynəlxalq normalara uyğun şəkildə qayıdış hüququnun elmi-hüquqi aspektlərini hərtərəfli araşdırmaqdır. Bu istiqamətdə aparılan tədqiqatların məqsədi təkcə mövcud hüquqi bazanı öyrənmək deyil, həm də praktik tətbiq mexanizmlərini formalaşdırmaq, beynəlxalq təşkilatlarla əməkdaşlıq potensialını genişləndirməkdir.
Zahid Cəfərov vurğulayıb ki, Azərbaycanın dövlətçilik strategiyasında Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının prioritet istiqamət olaraq müəyyən edilməsi bu mövzuda elmi araşdırmaların aktuallığını və əhəmiyyətini daha da artırır. Qayıdış Konsepsiyası həm milli maraqların təmininə, həm də bölgədə uzunmüddətli sülh və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edən strateji xətt kimi çıxış edir.
Konfrans müasir beynəlxalq hüquq standartları çərçivəsində qayıdış məsələsinin kompleks araşdırılmasına töhfə verməklə yanaşı, gələcək fəaliyyət üçün hüquqi baza, institusional çərçivə və praktiki mexanizmlərin formalaşdırılmasını da hədəfləyir.
Qeyd edək ki, Konfransın elmi və siyasi əhəmiyyəti ondan ibarətdir ki, burada Qərbi Azərbaycan həqiqətlərinin hüquqi müstəvidə daha geniş təqdim olunması, beynəlxalq aləmdə qəbul olunmuş normalar əsasında qayıdış hüququnun legitimliyi və mahiyyəti bir daha təsdiqlənir. Bu kimi müzakirələr həm elmi dairələr, həm də dövlət strukturları üçün yeni perspektivlərin açılmasına xidmət edir və Qərbi Azərbaycana qayıdış prosesinin gələcək mərhələləri üçün möhkəm intellektual-siyasi baza yaradır. Konfransda qayıdış hüququnun beynəlxalq hüquqi bazası, deportasiya olunmuş şəxslərin statusu, mülkiyyət hüquqlarının müdafiəsi, regional təhlükəsizlik, sülh müqaviləsinin perspektivləri, işğal dövrlərində cinayət hüququnun tətbiqi və əhalinin köçürülməsi ilə bağlı mülki-hüquqi mexanizmlər müzakirə olunub.
I panel çərçivəsində Ədliyyə Akademiyasının rektoru Şahin Əliyev “Qərbi Azərbaycan qaçqınlarının hüquqi statusu” mövzusunda məruzə edib. O bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının müstəqillik aktı bəyan edir ki, Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Azərbaycan Demokratik Cümhuriyyətinin hüquqi varisidir. Həmin dövrdə Ermənistanla bağlanan Batum müqaviləsinə əlavə olunan xəritəyə əsasən Zəngəzur bütövlükdə Azərbaycanın tərkibində olub. Şahin Əliyev beynəlxalq hüququn həqiqətə əsaslanmalı olduğunu, yazılan tarixin isə bütün sənədlərdən üstün tutulmalı olduğunu vurğulayıb.
Avstriyanın Vyana Dövlət Universitetinin hüquq fakültəsinin nümayəndəsi Dos. Dr. Yeganə Məsimova beynəlxalq hüquqi müstəvidə Qərbi azərbaycanlıların qayıdış imkanları və mövcud mexanizmlər barədə çıxış edib.
Bakı Dövlət Universitetinin professoru, hüquq elmləri doktoru Əfsər Sadıqov beynəlxalq hüququn əsas prinsipləri kontekstində deportasiya olunmuş azərbaycanlıların ləyaqətli, təhlükəsiz və hüquqlarına tam uyğun şəkildə qayıdış məsələlərini ətraflı izah edib. O vurğulayıb ki, işğal edilmiş ərazilər heç bir halda işğalçıya keçmir və azərbaycanlılar bütün beynəlxalq hüquqi konvensiyalara əsasən öz haqq və hüquqlarını tələb etmək imkanına malikdirlər. Professor Əfsər Sadıqov beynəlxalq hüquq praktikasından nümunələr gətirərək, Ermənistanın təkrarlanan deportasiya, zorla çıxarma və soyqırımı aktlarına görə Avropa Məhkəməsi tərəfindən inzibati və digər hüquqi cəzaya məhkum olunmasının tam hüquqi əsaslarla mümkün olduğunu diqqətə çatdırıb. Professor Əfsər Sadıqov həmçinin bildirib ki, azərbaycanlıların doğma torpaqlarına qayıdışı yalnız hüquqi baxımdan təmin edilməklə kifayətlənməyib, həm də onların ləyaqəti, təhlükəsizliyi və fundamental insan hüquqlarının qorunması ilə müşayiət olunmalıdır. Professor əlavə edib ki, beynəlxalq hüquq praktikası göstərir ki, belə hallarda işğalçı dövlətlərin məsuliyyətə cəlb olunması zəruridir və Azərbaycan vətəndaşları öz hüquqlarını beynəlxalq məhkəmələrdə müdafiə etməkdə tam haqlıdırlar. O həmçinin qeyd edib ki, Ermənistanın təkrarlanan deportasiya və etnik təmizləmə aktları üzrə Avropa Məhkəməsi çərçivəsində inzibati və hüquqi tədbirlərin görülməsi üçün möhkəm hüquqi baza mövcuddur və bu, həm hüquqi, həm də humanitar baxımdan vacibdir.
II panel çərçivəsində Bakı Apellyasiya Məhkəməsinin hakimi, hüquq elmləri doktoru, professor Ramin Qaraqurbanlı “Qayıdış hüququ: regional təhlükəsizlik və beynəlxalq-hüquqi məsələlər” mövzusunda çıxış edib. O bildirib ki, Ermənistan ərazisindən məcburi çıxarılmış qərbi azərbaycanlıların qayıdış məsələsi hazırda qlobal miqyasda müzakirə olunan məcburi köçkünlük problemlərinin bir hissəsidir və bu, insan hüquqlarının ən ciddi pozuntularından biridir. O vurğulayıb ki, Qərbi azərbaycanlıların geri qayıdışı təkcə ədalətin bərpası deyil, həm də bölgədə dayanıqlı sülhün və etimad mühitinin formalaşması üçün vacib addımdır. R.Qaraqurbanlı çıxışında məsələyə hüquqi aspektdən dörd istiqamət üzrə yanaşıb.
Konfransda Türkiyədən dəvət olunan ekspert, dosent Dr. Atacan Bozyel işğal dövründə cinayət hüququnun tətbiqi və işğaldan sonrakı hüquqi məsuliyyət məsələlərinə toxunub.
BDU-nun hüquq fakültəsinin professoru Xəyyam İsmayılov qayıdışın tarixi-hüquqi əsaslarını açıqlayaraq, beynəlxalq konvensiyaların dövlətlərin üzərinə qoyduğu öhdəliklərdən danışıb.
Türkiyədə yaşayan Qərbi Azərbaycan əsilli alim Dr. Ünsal Dönməz isə Qərbi azərbaycanlıların mülkiyyət hüquqlarının pozulmasının Avropa İnsan Hüquqları Məhkəməsi presedentləri əsasında təhlilini təqdim edib. O bildirib ki, beynəlxalq hüquqa görə Qərbi Azərbaycan məsələsinin həllində tərəflərin həqiqətə əsaslanan dialoqa ehtiyacı var və bütün konvensiyalara əsasən qərbi azərbaycanlıların tələbləri qarşılanmalıdır.
BDU-nun Mülki hüquq kafedrasının müdiri, dosent Şükür Yusifov əhalinin köçürülməsi və mədəni hüquqların pozulması ilə bağlı mülki-hüquqi məsuliyyət məsələlərini təqdim edib, Ermənistanın deportasiya olunmuş azərbaycanlıların mülkiyyət hüquqlarının bərpa edilməsinə dair öhdəliklərini beynəlxalq sənədlər əsasında şərh edib.
Konfransın son məruzəsi BDU-nun İnsan hüquqları və YUNESKO kafedrasının dosenti, hüquq üzrə elmlər doktoru Daşqın Qənbərov tərəfindən “Qayıdış Konsepsiyası: hüquqi əsaslar, beynəlxalq öhdəliklər və praktiki mexanizmlər” mövzusunda təqdim olunub.
Çıxışlardan sonra Qərbi Azərbaycan Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahimqızı, həmçinin İdarə Heyətinin üzvü, professor Mahirə Nağıqızı konfrans iştirakçılarına təşəkkür edərək, bu kimi tədbirlərin davamlı keçirilməsinin vacibliyini vurğulayıblar.
Konfransın yekununda Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli çıxış edərək “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Qanuna yenidən baxılması üçün Milli Məclisə yeni layihənin təqdim edilməsinin vacibliyini qeyd edib. Sədr bu məsələdə qərbi azərbaycanlı hüquqşünasların və QAİ Hüquq Komissiyasının layihənin hazırlanmasına dəstək verməli olduğunu diqqətə çatdırıb.
Sonda konfrans iştirakçıları və çıxışçılar arasında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb. Xatirə şəkli çəkdirilib.
19:10 16.11.2025
Oxunuş sayı: 1323