Belə kiçik məbləğlə Ukraynanın iqtisadi və hərbi ehtiyaclarının ödənməsi mümkün deyil -
 
                                            İngiltərənin "The Economist" nəşrinin məlumatına görə, Ukraynanın müharibəni davam etdirmək üçün təxminən 389 milyard dollara ehtiyacı var. Bu rəqəm göstərir ki, Kiyev hələlik münaqişəni bitirmək niyyətində deyil və müharibənin uzunmüddətli mərhələyə keçdiyini qəbul edib. Lakin əsas sual budur: Ukrayna bu qədər vəsaiti haradan və necə əldə edəcək? Digər tərəfdən, Rusiyanın da müharibəni davam etdirmək üçün resurs imkanları və iqtisadi dayanıqlığı diqqət mərkəzindədir.
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Crossmedia.az-a açıqlama verib:

"Ukraynanın bu vəsaiti öz imkanları hesabına əldə etməsi real deyil. Ukrayna büdcəsinin təxminən yarısını artıq Qərb ölkələrinin – əsasən Avropa İttifaqı və ABŞ-ın verdiyi qrant və maliyyə yardımları hesabına formalaşdırır. İndi isə ehtimal olunur ki, bu yeni vəsait də əsasən Avropa İttifaqı ölkələri tərəfindən təmin ediləcək. Çünki ABŞ artıq geri ödənilməsi çətin olan borclar verməkdən çəkinir. Bu məsələdə əsas diqqət mərkəzində Rusiyanın dondurulmuş aktivləridir. Hazırda Rusiyanın Avropada təxminən 260 milyard dollar, ABŞ və Böyük Britaniyada isə 40 milyard dollar həcmində dondurulmuş vəsaiti mövcuddur. Böyük Britaniya Avropa İttifaqının üzvü olmadığından, bu məbləğ ayrıca qeyd edilir. Müzakirə olunan əsas məsələ bu aktivlərin birbaşa Ukraynanın xeyrinə istifadəsi və ya həmin vəsaitlərdən əldə edilən faiz gəlirlərinin Kiyevə yönəldilməsidir".
İqtisadçı həmçinin bildirib ki, bu faiz gəlirləri də kifayət qədər məhduddur – illik cəmi 7 milyard dollar civarındadır: "Belə məbləğlə Ukraynanın iqtisadi və hərbi ehtiyaclarının ödənməsi, obrazlı desək, “yarasının sağalması” mümkün görünmür. Digər tərəfdən, Rusiya hələ də geniş resurs potensialına malikdir. Ölkənin insan resursları, enerji və xammal ehtiyatları Ukraynanın imkanlarından qat-qat çoxdur. Buna görə də Moskva, ciddi sanksiyalar şəraitində olsa belə, ən azı bir-iki il müharibəni davam etdirmək gücündədir. Ukrayna isə Qərb dəstəyi olmadan bu mübarizəni aparmaqda ciddi çətinliklərlə üzləşə bilər".
19:15 31.10.2025
Oxunuş sayı: 1316
 
                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                     
                     
                     
                     
                     
        