Trampın neft razılaşmaları Venesuelanı böhrandan çıxarmayıb
ABŞ Prezidenti Donald Trampın Venesuela ilə neft sahəsində əldə etdiyi razılaşmalar ölkədə vəd olunan iqtisadi dirçəlişi təmin etməyib.
Crossmedia.az xəbər verir ki, “The Atlantic” jurnalı bu barədə araşdırma dərc edib.
Nəşrin məlumatına görə, Venesuelanın sabiq prezidenti Nikolas Maduronun ABŞ tərəfindən saxlanılmasından sonra Vaşinqton Delsi Rodriqesin rəhbərlik etdiyi hökumətlə əməkdaşlığa üstünlük verib və ölkənin neft satışlarına nəzarəti ələ alıb.
Lakin neft hasil olunan bölgələrdə yaşayan əhali hələ də yoxsulluq, suyun çirklənməsi və elektrik enerjisinin verilişində fasilələr kimi problemlərlə üzləşir.
Araşdırmada əsas narahatlıq doğuran məsələlərdən biri neft satışından əldə edilən gəlirlərin şəffaflığıdır. Vəd olunan maliyyə auditi hələ də ictimaiyyətə təqdim edilməyib.
Bildirilib ki, iri enerji şirkətləri də Venesuelaya investisiya yatırmağa tələsmirlər. Neft yataqlarının işlənməsi milyardlarla dollar tələb edir. İnvestorlar isə müqavilələrin uzunmüddətli hüquqi təminatına dair zəmanət istəyirlər.
Harvard Universitetinin iqtisadçısı Rikardo Hausmann Vaşinqtonla Karakas arasında formalaşan münasibətləri sərt tənqid edərək bunu “iki kleptokratiyanın koalisiyası” adlandırıb.
Nəşr qeyd edir ki, neft ehtiyatlarının zənginliyinə baxmayaraq, əldə edilən razılaşmaların ölkə əhalisinin həyat səviyyəsinə təsiri hələlik məhduddur.
10:52 23.10.2026
Oxunuş sayı: 57