Eyni şəhərdə iki səhər





Əlimi cibimdən çıxartmağı özümə əziyyət bilirəm. Hava o qədər soyuqdur. Bir oktyabr səhəridir. Hələ dan yeri sökülməyib. Alatoranlıqdır. Asta addımlarla üzü yuxarı, şəhərin əsas küçələrinə istiqamətlənmişəm. Yol boyu səliqə ilə düzülən elektrik lampaları ətrafı işıqlandırır. Çinar və çəkil ağaclarının soyuğun təsirindən saralan yarapaqları ara sıra yerə düşür. Nə fikirləşdiyim dəqiq yadımda deyil. Amma səssiz monoloqlarla zəngin mövzu olduğunu xatırlayıram. Çox güman, yenə nədənsə narazı idim. Budur mərkəzi parkın yanından keçirəm. Daha doğrusu, köhnə park. Bir vaxtlar bura uşaqların səsi və insanların izdihamına şahidlik edərdi. İnd isə köhnə, pas atmış atraksionlar və baxımsız qalmış süni göllə baş-başa qalıb. Kiçik olsa da şəhərdə bir nizam hiss olunur. Paytaxtdan 400 kilomtr qərbdə yerləşən bu əyalətin özünəməxsus memarlıq ansambılı var. Ara-sıra tikilən çoxmərtəbəli binaları çıxsaq şəhər almanlardan yadigar qalan üç bucaq damlar və küçəyə açılan uzun eyvanlı evlərdən ibarətdir.
Mərkəzi prospektdən ikinci küçəyə keçirəm. Burada almanlardan qalmış adət var. İlk beş küçə nömrələrlə adlandırılır. Sükut, təmiz hava və küləyin xəfif səsindən zövq almağa çalışırdım. Anidən qaranlığın dərinliklərində narıncı və sarı jiletli adamlar göründü. İki nəfərlik quruplara bölünən rəngli geyimli bu adamlar küçənin sağ və sol hissələrini süpürürdülər. Yaxınlaşdıqca onları daha aydın gördüm. 30-40 yaşlarında qadınlar idi. Bu dəfə telefonu çıxardıb saata baxdım. 05:10. Soyuqdan qorunmaq üçün əlcək, tozun qarşısını almaq üçün isə maska taxıblar. Adətən təqaüdə çıxmış adamların belə işlərdə çalışdığını görmüşəm. Onlar pensiya yaşından çox uzaq, əziyyətin, məhrumiyyətin isə lap yaxınlığında dayanıblar. Sonsuza uzanan ümidsizlik üzlərindən oxunur. Sosial qayğılar və həyatda qalmaq uğurunda mübarizə. Səyahət planları, şəxsi inkişaf və övladları üçün yaxşı gələcək qurmaq kimi arzular isə toz altında qalıb. Yəqin ki, tez-tez niyə bu dünyaya gəldiklərini, yaşadıqları həyatı sorğulayırlar. Şəhərin girişindən məscidin yanına qədər olan məsafəni təxmini bir saata qət edirəm. Yolumu kilsə olan küçədən saldım. Bu bina mənim üçün həmişə maraqlı olub. Müsəlman ölkəsində Lüteran kilsəsi. Lüteranlıq Xristian dinində bir təriqətdir. 19-cu əsrdə Şəmkirə köçən Almanlar məhs lüteranlar olublar. Kilsə 20-ci əsrin əvvəlləri inşa edilib. Amma təmir-bəroadan sonra memarlıq abidəsi kimi qorunur. Maraqlı məqam isə odur ki, kilsə olan küçənin başında məscid yerləşir. Bəlkə də çoxları bu məqama o qədər də fikir verməyib. Amma bu küçə özündə hər iki din üçün yer ayırıb. Budur gəlib parka çatlram. Park icra hakimiyyəti və mədəniyyət mərkəzinin yanındadı. Burada da təmizlik işçiləri var. Hava açılıb. Artıq insanlar işə gedir. Budur iki-iki, üç-üç səliqəli geyimli, ətirlənmiş qadınlar küçələri süpürənlərin yanından keçirlər. Yaşları eyni olsa da talehləri fərqlidir. Bəlkə də bir sinifdə, bir parta arxasında oturublar. Amma… Həyat insanların eyni yerdən başlayıb eyni yerdə bitirdiyi yoldu. Lakin bu yolu hərə bir cür gedir. Yeganə yoldur ki, heç kəs sonunu düşünmür, bitirməyə də tələsmir.
Şam və çinar ağacları ilə əhatə olunmuş parkda günəşin doğuşunu izləyirəm. Bu yeni günə, yeni arzulara və yeni başlanğıclara işarədir…
Qasım Xuluflu
12:53 22.10.2025
Oxunuş sayı: 5945