Tramp-Zelenski görüşü: Ukrayna müvəqqəti ərazi itkisi ilə barışırmı? - Açıqlama

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın cəbhə xəttində qoşunların hazırkı mövqelərdə dayanması və danışıqların bu mərhələdə başlaması çağırışı ilə razılaşdığını bildirib.
Zelenski bu barədə Ağ Evdə Donald Trampla görüşdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib: “O haqlıdır. Biz olduğumuz yerdə dayanmalıyıq və sonra danışıqlar aparmalıyıq”.
Prezident Zelenski əlavə edib ki, cəbhə xəttinin dondurulması danışıqlara başlamaq üçün ilkin şərt ola bilər.
Liderlərin görüşü barədə Crossmedia.az-a danışan beynəlxalq əlaqələr üzrə şərhçi Cavanşir Abbaslı bildirib ki, Zelenski və Tramp görüşü Ukraynanın mövqelərini qoruyaraq müvəqqəti itkilərlə barışdığını göstərir: "Tramp və Zelenski arasında nəticəsi məlum olmayan növbəti görüş reallaşdı. Düşünürəm ki, dünən Putin və Tramp arasındakı telefon danışığından sonra Zelenski ilə belə bir görüşün keçirilməsi də təsadüfi deyil. Putin və Tramp arasındakı telefon danışığının tam mahiyyəti açıqlanmasa da, görünən odur ki, Zelenski və Ağ Ev sahibi arasındakı görüşdən mətbuata verilən məlumatdan belə aydın olur ki, Tramp Ukrayna tərəfini müharibəni dayandırmağı bir daha təhrik etmək istəyib. Hətta gedən məlumatlardan biri ondan ibarətdir ki, hər iki ölkə rəhbəri arasında, yəni Zelenski və Tramp arasında tərəflərin olduqları mövqelərdə dayanması barədə razılıq əldə olunub. Hətta bildirilir ki, belə bir iddia var ki, Zelenski bununla razılaşıb. Bu isə o anlama gəlir ki, tərəflər öz mövqelərində dayanırsa, Ukrayna demək hələ ki, müvəqqəti olsa da, ərazi itkisi ilə barışır. Çünki Rusiya qoşunları olduqları yerdə dayanırlarsa, bu o deməkdir ki, son 44 ayda Rusiyanın işğal etdiyi ərazilər müvəqqəti də olsa, gələcəkdə taleyi necə olacaq, məlum deyil. Amma görünən odur ki, Rusiya tərəfində qalır. Əsas məsələ də bu idi. İndiyə qədər müzakirə olunan məsələ bu idi ki, Ukrayna tərəfi həmin əraziləri geri qaytarmadan danışıqlar masasında oturacaqmı? Görünən odur ki, artıq proseslər buna doğru gedir. Zelenski artıq Avropanın əvvəlki dəstəyini arxasında hiss etmir. Hətta Trampla görüşdən sonra verilən açıqlamadan belə aydın olur ki, Tramp açıq şəkildə hələ ki, yaxın vaxtlarda Vaşinqtonun uzaq mənzilli raketlərini Kiyevə verməyəcəyini bəyan edib. Bu isə o anlama gəlir ki, hələ ki, proseslərin uzadılmasında Amerika və Avropa liderləri maraqlıdırlar. Onun üçün də tam şəkildə Ukraynaya dəstək vermək fikrində deyillər. Sadəcə, Ukraynanı müəyyən qədər dirəniş göstərib savaşı uzatmasında maraqlıdırlar. Zelenskinin Trampla görüşündən sonra Avropa liderlərinə hesabat xarakterli məlumat verməsi də heç də ürəkaçan deyil. Görünən odur ki, Ukrayna Avropa liderlərinin qarşısında bir oyuncaq gözündə görülür. Çünki sən bir ölkənin rəhbərisənsə, bir həmkarınla görüşürsənsə, bu görüş barədə Avropa liderlərini niyə məlumatlandırmalısan? O liderlər ki, məsələn, içərilərində Almaniya kansleri, digər qabaqcıl Avropa ölkələrinin rəhbərləri yer alır ki, onlar indiyə qədər Ukraynaya lazımi dəstəyi tam şəkildə verməyiblər. Xüsusilə, burada Almaniya daha çox fərqlənir. Sən zəng vurub Almaniya kanslerinə hansı məlumat verə bilərdin? Onsuzda verilən məlumatlar demək olar ki, dünya mətbuatına sızdırılıb".
Siyasi şərhçi Tramp Putin görüşündən də danışıb: "Düşünürəm ki, dünənki Putin Tramp görüşü də fiasko ilə nəticələndi. Bu gün onun ardınca Zelenski ilə Tramp arasında keçirilən görüş fiasko ilə nəticələndi. Sonda onu demək mümkündür ki, proseslər getdikcə bir qədər də uzanacaq. Hesab edirəm ki, yaxın vaxtlarda müharibənin hələ də yeni bitəcəyi gözlənilmir. Böyük ehtimalla, bu, gələn ilə çəkiləcək və gələn il də davam edəcək. Təəssüflər olsun ki, güc nisbəti bərabər olmadığı üçün Ukrayna tərəfi yorulan tərəfi olacaq. Hələ ki, Tramp hakimiyyətdə olduğu sürətdə Amerika tərəfindən istənilən dəstək alınmayacaq. Amerika tərəfindən istənilən dəstək alınmırsa, bu o deməkdir ki, bunun təsirləri digər Avropa ölkələrinə də getdikcə özünü göstərəcək. Bir sözlə, hələ ki, savaş meydanında tam şəkildə olmasa da, Putinin istədiyi ssenari üzərində yeni savaş gedir. Bəlkə Avropa bir dəfə silkələnəcək ki, Ukrayna burada məğlub olsa, Avropanın məğlubiyyəti deməkdir. Bəlkə bunu nəhayətdə anlayacaqlar. Amma bugünkü baxış acısından çıxış etsək, hələ ki, bunu anlamırlar".
Günel Verdiyeva
15:45 18.10.2025
Oxunuş sayı: 4069