ABŞ-li konqresmen "907-ci düzəliş"in ləğvinin vacibliyini vurğulayıb

ABŞ-nin Townhall saytında Respublikaçılar Partiyasının sabiq konqresmeni Maykl Flanaganın "907-ci düzəliş"in ləğvinin əhəmiyyətinə həsr olunmuş məqaləsi dərc olunub.
Crossmedia.az bildirir ki, Flanagan məqaləsində prezident Donald Tramp administrasiyasının xarici siyasət sahəsindəki uğurlarını yüksək qiymətləndirib. O, xüsusilə İsrail/HƏMAS, Konqo/Ruanda, Hindistan/Pakistan münaqişələrinin tənzimlənməsi və Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasını Trampın “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) təşəbbüsü ilə əlaqələndirib.
Flanagana görə, 1992-ci ildə erməni lobbisinin təzyiqi ilə qəbul edilən "907-ci düzəliş" bu gün artıq sülhə deyil, əksinə, onun qarşısını alan bir maneəyə çevrilib.
Məqalədə qeyd olunur ki, Qarabağ – Azərbaycanın regionudur və burada 1980-ci illərin sonlarında ermənilər və azərbaycanlılar arasında münaqişə başlamışdı. 1990-cı illərdəki müharibə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın düşmüş, ölkənin yeddi rayonu işğal edilmişdi. 2020 və 2023-cü illərdə isə Azərbaycan öz torpaqları üzərində nəzarəti bərpa edib.
Flanaganın sözlərinə görə, Rusiya bu prosesdə Ermənistana ciddi dəstək göstərməyib, Fransa isə siyasi böhran yaşayır. ABŞ və İsrailin İranın təsirini zəiflətməsi fonunda Ermənistan Vaşinqtonla yaxınlaşmağa başlayıb.
Azərbaycanın Ukrayna müharibəsi fonunda Avropaya enerji təchizatı həyata keçirməsi iki ölkə arasında münasibətləri daha da yaxşılaşdırıb. ABŞ və Azərbaycan energetika, nəqliyyat və müdafiə sahələrində Strateji İşçi Qrupu yaradıb, TRIPP layihəsi isə Vaşinqtona Rusiyanı və İranı kənarda saxlayaraq Orta Dəhlizə çıxış imkanı yaradır.
Donald Tramp "907-ci düzəliş"in tətbiqini müvəqqəti dayandıraraq əməkdaşlığa hazır olduğunu göstərib. Lakin onun tam ləğvi Konqresin qərarından asılıdır.
Bəzi konqresmenlər erməni diasporunun təzyiqi altında düzəlişin saxlanılmasını tələb edir. Mart ayında onlar bu barədə ABŞ dövlət katibinə müraciət ünvanlayıblar ki, bu da sülh prosesini risk altına qoyur.
Flanagan hesab edir ki, "907-ci düzəliş"in qüvvədə qalması Amerikanın müttəfiqi olan Azərbaycanı cəzalandırmaq deməkdir. Onun fikrincə, düzəlişin ləğvi etimadı, sabitliyi və sülhü möhkəmləndirəcəkdir.
O həmçinin xatırladıb ki, Prezident İlham Əliyev BMT Baş Assambleyasında Donald Trampa sülh prosesinə və Azərbaycan–ABŞ münasibətlərinin inkişafına verdiyi dəstəyə görə təşəkkür edib.
Flanagan yekunda vurğulayıb ki, "907-ci düzəliş"in ləğvi ikili standartları aradan qaldıracaq və əməkdaşlığı gücləndirəcək. Ermənistan və Azərbaycan artıq sülh yolunu seçiblər, indi növbə ABŞ Konqresinindir.
Mehriban
13:57 18.10.2025
Oxunuş sayı: 1142