El Mundo Rusiyanın “xüsusi əməliyyatı” ilə bağlı beş ssenari açıqlayıb

İspaniyanın “El Mundo” qəzeti Rusiyanın “xüsusi əməliyyatı”nın necə başa çata biləcəyi ilə bağlı beş mümkün ssenarini təqdim edib.
Crossmedia.az xəbər verir ki, qəzetin yazdığına görə, əməliyyat artıq 1332 gündür davam edir və onun sonu bir neçə istiqamətdə inkişaf edə bilər.
Birinci ssenariyə əsasən, ABŞ-da Donald Trampın təşəbbüsü ilə “kövrək sülh” yarana bilər. Tramp Rusiyaya qarşı sanksiyaları və Ukraynaya yardımı gücləndirə bilər. Lakin yaxın vaxtlarda sabit sülhün əldə olunması real görünmür, çünki Putin rejimi üçün bu müharibə mövcudluq məsələsidir.
Digər ssenari münaqişənin NATO ölkələrinə yayılması ehtimalını nəzərdə tutur. Qəzet yazır ki, Rusiya artıq müxtəlif təxribatlara əl atır və gərginliyin NATO-nun, xüsusilə Baltik ölkələrinin, zəif üzvləri ilə toqquşmalara çevrilmə riski mövcuddur.
Üçüncü ssenariyə görə, müharibə 2026-cı ilə qədər uzana bilər. Bu halda nə Rusiya, nə də Ukrayna qəti qələbə qazana bilməyəcək. Rusiya Çindən və Şimali Koreyadan, Ukrayna isə Avropa və Qərb ölkələrindən dəstək alacaq.
Dördüncü ssenaridə Rusiyanın iqtisadi tənəzzül yaşaması nəticəsində danışıqlara məcbur qalma ehtimalı vurğulanır. Analitiklər bildirirlər ki, əgər iqtisadi zəifləmə davam etsə, Kreml danışıqlar masasına oturmağa məcbur olacaq.
Beşinci ssenari isə müttəfiqlərin yorulması və Ukraynaya təzyiqin artması ilə bağlıdır. Avropa ölkələri Kiyevə dəstəyi azaltsalar, Ukrayna Rusiyanın sərt şərtlərini qəbul etməyə məcbur qala bilər.
“El Mundo” qəzetinin qənaətinə görə, Ukraynanın gələcəyi Avropanın dəstəyindən, Rusiyanın isə daxili iqtisadi sabitliyindən və müharibəni davam etdirmək imkanından asılı olacaq.
17:49 17.10.2025
Oxunuş sayı: 1462