Salyanda su ehtiyatlarından səmərəli istifadəyə dair maarifləndirici tədbir keçirilib



Salyan Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 4 saylı Şirvan-Salyan regional bölməsinin birgə təşkilatçılığı ilə “Su ehtiyatlarımızdan qanunauyğun istifadə edək!” devizi altında tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbirin məqsədi su
ehtiyatlarından səmərəli və qanunauyğun istifadə sahəsində nəzarətin gücləndirilməsi
və maarifləndirmə işlərinin aparılması olub.
Tədbirdə yerli idarə və müəssisə rəhbərləri, icra nümayəndələri,
bələdiyyə sədrləri, fermerlər və sahibkarlar iştirak ediblər.
Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini,
Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Təranə
İsmayılova çıxışında su ehtiyatlarının qorunmasının və məqsədyönlü istifadəsinin
vacibliyini vurğulayıb, iqlim dəyişiklikləri və artan su tələbatının yaratdığı
çağırışların aradan qaldırılması üçün birgə əməkdaşlıq və maarifləndirmə tədbirlərinin
əhəmiyyətini qeyd edib.
Regional bölmənin rəisi Ehtiram Muxtarov isə bölmənin fəaliyyət
istiqamətləri və vəzifələri barədə məlumat verərək, Azərbaycan Respublikası
Prezidentinin 4 iyun 2025-ci il tarixli Fərmanı ilə su siyasətinin daha da
qanunauyğun həyata keçirilməsi məqsədilə Agentliyə verilmiş yeni səlahiyyətlərdən
bəhs edib. O, tətbiq olunan nəzarət mexanizmləri və gələcək planlar barədə
danışaraq, fermerləri və sahibkarları su resurslarından istifadədə qanunlara
riayət etməyə və səmərəli idarəetməyə çağırıb.
Tədbir çərçivəsində su itkilərinin azaldılması, suvarma
texnologiyalarının təkmilləşdirilməsi və qabaqcıl təcrübələrin tətbiqi
mövzularında fikir mübadiləsi aparılıb və iştirakçıların sualları
cavablandırılıb.
20:36 14.08.2025
Oxunuş sayı: 1039