Mobil jurnalistika - "MOJO"

Mobil jurnalistikanın fəlsəfəsi daşınılabilən cihazların köməyilə informasiyaların hazırlanması və paylaşılmasını özündə ehtiva edir. Dünyanın sürətli inkişafının bünövrəsində texnoloji tərəqqi dayanır. Texnoloji tərəqqi bu günün əsasını təşkil etməklə yanaşı, gələcəyinin də formalaşmasına təminat verir. Komputerin kəşfi ilə yeni dövrə qədəm qoyan bəşəriyyət internetin vasitəsilə sürətli və ardıcıl inkişaf xəttinə qədəm qoydu. Zaman keçdikcə daha böyük həcm və resurs tələb edən texnologiyaların da öz-özlüyündə minimalizmə fokuslanması mobilliyin ərsəyə gəlməsinə şərait yaratdı. Yəni, getdikcə texnologiyaların ölçüsü, həcmi kiçildi, nəticədə portativlik xüsusiyyəti əldə etdilər. Eyni zamanda, qurğuların imkanları daha da zənginləşdirildi. Nəticədə, həm texnologiyaların əlverişlilik səviyyəsi, həm də faydalılıq əmsalı yüksəldi. Təkcə 2020-ci ildə dünyada təxmini “14 milyard (daha dəqiq 14.02) mobil cihazlar istifadə edilirdisə, 2021-ci ildə bu rəqəm təxmini 15 milyarda (daha dəqiq 14.91) çatıb. Növbəti illərdə də rəqəmlərin intensiv şəkildə yüksəlməsi və 2025-ci ildə 18 milyardı aşması gözlənilir. Bu da 2020-ci illə müqayisədə 4, 2021-ci illə müqayisədə isə 3 milyardlıq bir fərq deməkdir. Hətta mobil qurğuların xarakteristikasında da ağıllı telefonlara maraq artan tendensiyada müşahidə olunur. 2021-ci ildə smartfon istifadəçilərinin sayı 6.3 milyardı keçib. Mobil cihazların bu qədər sürətlə dünyaya yayılması müxtəlif sektorların fəaliyyət mexanizmlərini gözdən keçirərək, dövrün tələbi olan mobilliyə uyğunlaşmağa sövq edir. Bank sektorunda telefonlar üçün mobil tətbiqlər hazırlanması, turizm sahəsində internet vasitəsilə onlayn şəkildə bilet alışı, otel rezervasiyası kimi imkanların yaradılması və mobil cihazlar üçün əlçatanlığının artırılması dünyanın gələcək inkişafı ilə bağlı təsəvvürlər yaradır. Bu da sektorların daxili resurs və potensialında mobilliyə yer verilməsi, həmçinin mövcud infrastrukturun müasir tendensiyalara əsaslanan inkişafının təmin edilməsinə yönəlib.
Jurnalistikada mobillik və bu istiqamətə meyil digər sahələrdən daha əvvəl yaranıb və mobil jurnalistika, qısaca isə “MOJO” (Mobile Journalism) adlandırılıb. 2007-ci ildə Apple şirkətinin ilk Iphone markalı telefonu istifadəyə verməsi jurnalitikanın innovativ qolunun yaranma tarixi hesab olunur. Amma məsələyə geniş prizmadan yanaşsaq, mobil jurnalistikanın tarixi 1913-cü ilə qədər uzanır. Bu da mobilliyin çərçivələrinin müəyyənləşdirilməsi ilə bağlıdır. Bu baxımdan 1913-cü ildə Oskar Barnakın dizaynı əsasında yaradılmış 35 mm-lik Leica kamerasının yaranması və 1925-ci ildə istifadəyə verilməsi bir tarixin göstəricisidir. Ümumilikdə, keçən əsrin fotojurnalistikasına böyük töhfə vermiş bu texnologiya fotoqraf və reportyorları ağır texnikanı daşımaqdan xilas etdi. Nəticədə hərəkət sərbəstliyi əldə edən jurnalistlər hadisələrin vizual təqdimatını daha rahat və əlverişli şəkildə həyata keçirə bildilər. Fotoqrafiyanı studiyadaxili fəaliyyətdən və tripoddan (ştativ) xilas edən bu cihaz jurnalistlərin yaşadıqları ərazilərdə informasiyaya əlçatımlılığnı artırdı. Bu kameranın modelləri sayəsində məşhur fotojurnalist Robert Kappa İspaniyada baş vermiş vətəndaş müharibəsini, Anri Kartye-Bresson avropalıların həyatını və Volker Evans Böyük Depressiyanı sənədləşdirməyə və tarixə həkk etməyə nail olub. Ümumilikdə, Leica kameraları mobil jurnalistikanın çap mediasındakı tarixinin başlanğıcı hesab olunur. Kütləvi informasiya vasitələrinin hər biri müxtəlif zamanlarda təşəkkül tapdığından mobilliyin inteqrasiyası da media qollarına uyğun şəkildə inteqrasiya prosesi keçib.
Televiziyada mobilliyin ilkin nümunələri 1950-ci illərdə meydana çıxıb. 30-cu illərin sonlarından başlayaraq dünyaya yayılan vizual yayımın çətinlikləri yeniliklərə tələbatı artırırdı. Ən mühim çətinlik isə qeydiyyat cihazları, yəni telematerialı qeydə alan cihazlar həm çox böyük, həm çox ağır, həm də ancaq studiyadaxilində istifadəyə yararlı idi. Ən yaxşı ehtimalla həmin texnikanı böyük maşınlara yükləyib xüsusi çəkilişləri həyata keçirmək mümkün olurdu. Bu da televiziyanın imkanlarının artırılması və texniki təkmilləşdirilməyə olan ehtiyacı daha da qabardırdı. Nəticədə, 1940-cı illərin sonlarında bu istiqamətdə araşdırmaların aparılması məqsədilə Prinston (Princeton) Universitetinin laboratoriyalarında müharibə dövrü tədqiqat xarakterli layihələrin sülh dövrü üçün faydalılığı nəzərdən keçirildi. İkinci dünya müharibəsinin yenicə sona çatdığı bir zamanda həmin proyektləri əldə etmək çətin olduğundan lazımi icazə üçün Amerika Birləşmiş Ştatlarının Siqnal Korpusundan icazə alınması lazım idi. Qurumun müəyyən şərtlər çərçivəsində verdiyi icazə sayəsində Vladimir Zvorıkinin rəhbərlik etdiyi araşdırma qrupu portativ televiziya sistemini yaratmaq üçün tədqiqatlara başladılar. Amerika Radio Korporasiyasının dəstək verdiyi araşdırmalara ümidlər böyük idi. Zvorıkin isə bu texniki tərəqqinin portativ kameralarda istifadə oluna biləcəyinə inanırdı. Kameranın ötürücü sistemi ilə bağlı tədqiqatlara nəzarət Vladimir Zvorıkinin öhdəsində olsa da, kamera texnologiyası da diqqətdən kənarda saxlanılmadı. Paul Vaymerin rəhbərliyi ilə bir qrup tədqiqatçı da telekameraların boru sistemi üzərində araşdırmalar həyata keçirdilər.
1950-ci ildə tədqiqatların nəticə verməsi ilə 1952-ci ildən kommerisal xidmətlər üçün açıq istifadəyə verilən vidikon borular fotokonduktivlik prinsipinə əsaslanmağa başladı. Vidikon boru tipinin digərlərindən bir fərqi də əvvəlki mexanizmlərə nisbətən daha kiçik həcmə malik olması idi.
Vidikon boruların ərsəyə gəlməsi Amerika Radio Korporasiyasını kiçikölçülü kameralar düzəltməyə vadar etdi. 1951-ci ildə Zvorkinin xəyalı olan portativ kamera və ötürücüsü ilə batereyasının yerləşdiyi cihazın prototipi Radio Mühəndisləri İnstitutunun konfransında nümayiş edildi. Tədqiqatlar həm də yayım sisteminin təkmilləşməsi baxımından da tarixə düşürdü. 1951-ci ilin noyabrında ilk peyk yayımı reallaşdı. Monitorlarda Nyu York və San Fransisko sahilləri və körpülərin görüntüləri CBS kanalı tərəfindən yayımlandı. Sistemin imkanlarının və üstünlüklərinin dəyərləndirilməsində Amerika Birləşmiş Ştatları media qurumu olan NBC-nin (Milli Yayım Şirkəti – National Broadcasting Company) müstəsna rolu oldu. 1952-ci ilin 7-21 iyul tarixlərində Çikaqo amfiteatrında Respublikaçılar və Demokratların konvensiyasının cəmiyyət üçün işıqlandırılmasında jurnalistlərin portativ kamera və ötürücü bel çantasından istifadə etməsi yeni texnologiyanının ənənəvidən fərqli olaraq daha faydalı olduğunu ortaya çıxardı. Yeni kameralar standard kameralardan fərqli olaraq, obyektin görüntüsünü əldə etmək üçün yaxınlaşdırmaqla görüntünü daha yaxından götürməyə imkan verirdi.
Müasir İKT, o cümlədən mobil texnologiyaların sürətli inkişafı cəmiyyətin bütün sahələrində təyinedici rol oynayır. Bu da mobil xəbər istehsalının əsas dinamiklərini, mobil texnologiyaların jurnalistika peşəsinə gətirdiyi müsbət və problemli sahələri, xəbər istehlakında mobil telefonların istifadə sıxlığı və vərdişlərini, demokratik mühitin, vətəndaş cəmiyyətinin formalaşmasında mobil jurnalistikanın iştirakını, rolu və perspektivlərini müəyyənləşdirir. Professional mənada jurnalistika peşəsində mobil texnologiyaların istifadəsi, xəbər istehsalında mobil telefonların rolu və funksiyası danılmazdır. Bu gün təkcə peşəkar jurnalistlər deyil, həmçinin sadə vətəndaşlar da mobil telefonlar sayəsində xəbər istehsalçılarına çevrilirlər. Mobil jurnalistikanın əhəmiyyətinin aşkar olunması gələcəkdə mobil telefonların yalnız informasiya ötürücüsü deyil, operativ KİV olacağından xəbər verir.
Könül Niftəliyeva
BDU-Jurnalistika fakültəsi , Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının dosenti
15:49 17.07.2025
Oxunuş sayı: 906