Erkən nikaha dur deyək!









“Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin icra etdiyi “Erkən nikah və fəsadları: maarifləndirici tədbirlər silsiləsi” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib. Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur. ADPU-nun Quba filialında təşkil edilən tədbirdə rayon ictimaiyyətinin nümayəndləri, Daxili İşlər Nazirliyinin əməkdaşları, təhsil işçiləri, tələbələr, peşə liseyinin şagirdləri, idmançılar, fənn olimpiadalarının qalibləri, ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlər, idmançılar, rayonun qızlardan ibarət voleybol komandasının üzvləri iştirak ediblər.
Əvvəlcə Cəmiyyətin və Medianın İnkişafı İctimai Birliyinin sədri Lalə Azərtaş layihənin məqsədi barədə məlumat verib, icra olunan tədbirlər haqqında danışıb. O, bildirib ki, erkən nikahın fəsadından başqa heç bir müsbət tərəfi yoxdur, ona görə də cəmiyyət gec də olsa əlbir olub mübarizə aparmalıdır. Çünki əksər erkən nikah faktları valideynlərin məcburiyyəti ilə baş tutur. Fikrini faktlarla əsaslandıran təşkilat sədri qeyd edib ki, erkən nikaha məcbur edilən qızlar sonradan asılı vəziyyətə düşür, zorakılıqla üzləşir, onların hüquqları tapdalanır. Erkən nikah riski ilə üz-üzə qalan qızları qorumağın vacibliyindən danışan L.Azərtaş vurğulayıb ki, cəmiyyət, xüsusilə gənclər bu işdə fəal olmalıdır: “Təəssüf ki, erkən nikah faktı ilə bağlı əlaqədar qurumlara müraciət edənlərə “xəbərçi” damğası vurmağa çalışırlar. Əslində bu xəbərçilik deyil, bir yeniyetmə qızın xilasedilməsidir”. Təşkilat sədri əlavə edib ki, erkən nikah faktlarına qarşı mübarizdə ən önəmli yeri təhsil tutur. “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin apardığı araşdırmalara əsaslanan L.Azərtaş qeyd edib ki, belə faktların çoxu təhsilsiz ailələrdə baş verir: “Hətta təhsili olmayan valideynlər qızlarını ərə vermək üçün təhsildən yayındırırlar. Bəzi rayonlarda elə kəndlər var ki, orta məktəbin 9-cu siniflərində parta arxasında artıq qız uşaqları yoxdur. Qızlar məktəbdən çıxarılıb, ya ərə verilib, ya da nişanlanıb”. Sonda L.Azərtaş tədbir iştirakçılarına çağırış edib: “Qohum-əqrabada, yaxın ətrafda, qonşuda erkən nikah faktına rast gələndə çəkinmədən mübarizə aparın. Əks təqdirdə bir yeniyetmə qızın faciəsinə şahidlik etmiş olacaqsınız”.
ADPU-nun Quba filialının direktor müavini Aysel Şeydayeva da öz növbəsində erkən nikahla bağlı mübarizdə təhsilin önəmindən danışıb. Təmsil etdiyi təhsil müəssisəsində təhsil alan 1200 tələbənin 80 faizinin qızlar olduğunu deyən direktor müavini Qubada qızların təhsilinə xüsusi önəm verildiyini diqqətə çatdırıb. Hələ ötən əsrin əvvllərində körkəmli maarifçi Badisəba Köçərlinin Qubada pedaqoji texnikum təşkil etdiyini xatırladan çıxışçı vurğulayıb ki, ADPU-nun Quba filialında təhsil alan tələblər artıq müxtəlif ölkələrdəki təhsil müəssisələrinə imtahan verib uğur qazanırlar. Dövlətin təhsilə xüsusi diqqət göstərdiyini deyən A.Şeydayeva bildirib ki, qızlar bu fürsətdən faydalanıb erkən yaşda evliliyi deyil, təhsili seçməlidirlər.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru polis baş leytenantı Xəyal Talıbov bildirib ki, erkən nikah hallarına qarşı mübariz məqsidlə polis əməkdaşları mütamadi işlər aparır, xüsusilə məktəblərə təmas qurulur, həftənin bir neçə günü məktəblərə gedirlər. Baş inspektor xatırladıb ki, erkən nikah faktı ilə bağlı 102 xidmətinə məlumat verən şəxslərin anonimliyi qorunur, ona görə heç nədən çəkinmədən məlumat verə bilərlər. Cəmiyyəti bu məslədə fəal olmağa səsləyən X.Talıbov erkən nikah faktına görə qanunvercilikdə nəzərdə tutulan məsuliyyəti, cəza tədbirlərini də xatırladıb.
DSX-nın doğum, ginekologiya mərkəzinin rəisi, mama-ginekoloq Yeganə Əliyeva təəssüflə bildirib ki, Azərbaycanda erkən nikah və qohum evliliyi halları çoxdur. Mütəxəsis bildirib ki, bu məsələ beynəlxalq konfranslarda da vurğulanır, Azərbaycanın bu hallara görə ilk yerlərdə olduğu qeyd edilir. Y.Əliyeva əlavə edib ki, erkən nikah sonradan təkcə qızların deyil onların ailələrinin də böyük faciəsinə çevrilir. Belə ki, erkən yaşda ərə verilən qızların orqanizmi tam formalaşmadığından hamiləlikləri də normal şəkildə başa çatmır. Belə olan halda həkimlər həm ananın, həm də körpənin sağ qalması üçün mübarizə aparmalı olur, bəzən də bu mübarizə müsbət nəticələnmir. Bir ananın və ya bir körpənin itirilməsinin cəmiyyət üçün böyük faciə olduğunu deyən mütəxəssis bildirib ki, erkən yaşda ailə quran qızılarda ciddi problemlər yaranır, sonrdan onlarda sonsuzluq, infeksiya, ayrı-ayrı travmalar meydana çıxır. Yeganə Əliyeva bildirib ki, problem bununla da bitmir: “Erkən yaşda ərə verilən qızlar uşağına baxa bilmir, ən əsası da onu qidalandıra bilmir və xəstəxanalara düşürlər”. Y.Əliyeva qeyd edib ki, erkən yaşda ərə verilən qızların evdə doğuşu həyata keçirilir ki, bu da çox təhlükəlidir.
Quba peşə liseyinin tədris və təlim işləri uzrə direktor muavini Cabir Əsədov qeyd edib ki, cəmiyyətdə “peşə məktəbləri qızların yeri deyil” kimi ziyanlı stereotip formalaşıb. Bu isə qızların peşə liseylərinə gəlməsinə maneçilik törədir. Buna baxmayaraq son illər qızların da peşə liseylərinə üz tutduğunu deyən mütəxəssis bildirib ki, peşə təhsili ilə bağlı intensiv islahatlar aparılır: “Əvvəllər orta məktəblərdə yaxşı oxumayan şagirdlər bu sahəyə gəlirdi, amma indi baxış dəyişib, müəyyən bir ixtisasa yiyələnib biznes qurmaq niyyəti ilə peşə ixtisaslarını seçənlərin sayı artıb”.
Quba Xaçmaz Regional Təhsil İdarəsinin aparıcı mütəxəssisi Nərmin Bilalova təmsil etdiyi qurum tərəfindən mütamadi olaraq orta məktəblərə monitorinqlər aparıldığını, bu yola erkən nikah hallarını üzə çıxardıqlarını, maarifləndirici tədbirlər həyata keçirdiklərini vurğulayıb. Aparıcı mütəxəssis qeyd edib ki, maarifləndirci tədbirlərə təkcə şagirdlər deyil, valideynlər də cəlb edilir. Çünki nikah yaşı çatmayan qızları erkən nikaha əsasən valideynləri məcbur edir. Qubanın ucqar kəndlərində erkən nikah halalrının olması faktına toxunan mütəxəssis əlavə edib ki, bununla yanaşı fənn olimpiadalarında uğur qazanan qızlar arasında ucqar kəndlərdəki məktəblərin şagirdləri də yer tutur.
ADPU-nun Quba filialının ingilis dili müəllimliyi ixtisasının 3-cü kurs tələbəsi Zenfira Davişova anasının erkən yaşda ailə qurduğunu, atasını isə erkən yaşda itirdiyini bildirib. O, qeyd edib ki, anası erkən yaşda ailə qurmasına, təhsil ala bilməməsinə, həyat yoldaşını vaxtsız itirməsinə baxmayaraq, bütün çətinliklərə rəğmən 4 övladına təhsil verməyə nail olub.
Daha sonra tədbir iştirakçıların fikir mübadiləsi ilə davam edib. Yeniyetmə və gənclər müzakirələrə qoşularaq erkən nikahla bağlı öz fikirlərini bildirib, qarşılaşdıqları məqamları diqqətə çatdırıblar.
Tədbirdə erkən nikaha məcbur edilən xanımlardan götürülən müsahibələr təqdim olunub.
18:50 14.07.2025
Oxunuş sayı: 962