Əbu-Dabi: Qafqazda sülhün səssiz təması - TƏHLİL

Əvvəllər Bakı ilə
İrəvan arasında danışıqlar ya Moskvada, ya da Avropanın göydələnli şəhərlərində
keçirilirdi. Əbu-Dabi – nə Moskva, nə Brüssel, nə də Ankaradır. Bu görüşün Körfəz
ölkəsində baş tutması, təkcə texniki “neytrallıq” deyil, həm də regiona Qərb-Ərəb-Türk
tandeminin yeni baxışının izahıdır.
Əslində bu görüş, üç qlobal qütb –
Rusiya, Qərb və Türkiyənin öz maraq çarpazlarında uzlaşdığı nadir bir epizod
oldu. Vaşinqton və Brüssel bunu Cənubi Qafqazda sabitlik və nəqliyyat
arteriyalarının təhlükəsizliyi üçün şans kimi gördü. Rusiya isə, sanki
sevinirmiş kimi davranaraq, bu görüşü oyunda qalmaq üçün “məmnuniyyətlə
qarşılayan” tərəf rolunda oynadı.
Amma unutmayaq ki, burada “məmnuniyyət” formal
təbəssümdən o yana keçmir. Çünki bu sülh:
-
Zəngəzur
dəhlizi vasitəsilə Rusiya nəzarətindən kənar keçid yaradır,
-
Ermənistanı
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) uzaqlaşdırır,
-
Azərbaycanı
Ankara-Vaşinqton orbitinə daha da yaxınlaşdırır,
-
İranın
şimal sərhədinin Qərbə açılması reallığı gündəmə gətirir.
Bu, sadəcə sənəd deyil – bir nizamın sonu
və yenisinin konturlarıdır.
Sülh müqaviləsi baş tutacaqmı?
Bu sual artıq normativ, hüquqi müstəvidə
deyil, geosiyasi təhlil müstəvisində cavablanmalıdır. Bəli, bu dəfə ehtimal
yüksəkdir. Və bunun dörd əsas səbəbi var:
- Geosiyasi konfiqurasiya dəyişib
– Prezident İlham Əliyevin “Dəmir yumruq” siyasəti Qarabağı artıq “qətnamələrin
obyekti” deyil, real hərbi-siyasi nəticənin aktına çevirib. Azərbaycan
statusu birtərəfli olaraq müəyyən edib və bu nəticə dünya tərəfindən də
faktiki olaraq qəbul olunub.
- Azərbaycan güclüdür və təşəbbüs
sahibidir – Hərbi üstünlüyünü diplomatik kanallarda səmərəli şəkildə
istifadə edir. Sərhədlərin delimitasiyasında, dəhlizlərin açılmasında və
kommunikasiya xəritələrinin müəyyənləşdirilməsində fəal oyunçuya çevrilib.
- Ermənistan məcburiyyət
qarşısındadır – Rusiya artıq təhlükəsizlik zəmanəti təqdim etmir, əksinə,
siyasi xaos mənbəyinə çevrilib. Paşinyan isə, bütün mümkün alternativlər
içində Qərbin verdiyi təhlükəsizlik çətirinə sığınmağa çalışır.
- Vaşinqton və Ankara rolları bölüşdürüb – ABŞ diplomatik masanı təmin edir, Türkiyə isə, real hərbi və siyasi dayaq kimi çıxış edir. Bu kombinasiya Paşinyana daxili müqaviməti balanslaşdırmaq üçün dəstək verir.
Sülh müqaviləsinin
kağıza çevrilməsi üçün sadəcə razılıq yox, həm də iradə, zaman və ictimai
hazırlıq lazımdır. Ermənistan tərəfində isə:
-
Konstitusiyada
hələ də Qarabağla bağlı istinadlar mövcuddur. Bu dəyişiklik olmadan imzalanacaq
hər hansı sənəd daxili legitimlik böhranı doğura bilər.
-
Erməni
ictimaiyyəti və diasporası hələ “kapitulyasiya sonrası psixoloji mərhələni”
keçməyib. Yəni bütün cəmiyyət Paşinyan arxasında deyil.
-
Rusiya
və İranın təxribat riski qalmaqdadır. Xüsusilə Rusiya Ermənistanda “5-ci kolon”
və kilsə üzərindən, İran isə, regiondakı sərhəd qorxusu üzərindən prosesə əngəl
yaratmağa cəhd göstərə bilər.
Nə gözlənilir və hadislər necə inkişaf edə
bilər?
-
2025-ci
ilin sonuna qədər sülh sazişinin ilkin paraflanması mümkündür. Hətta bu mərasim
Vaşinqton və ya Ankarada baş tuta bilər.
-
2026-cı
ilə qədər Ermənistan Konstitusiyasına düzəlişlər edilə bilər, çünki Paşinyan
bunu sonrakı parlament seçkiləri ilə bağlayır. Bu, sazişin ratifikasiyası üçün
zamana oynama modelidir.
-
Zəngəzur
dəhlizi bu il texniki olaraq istifadəyə verilə bilər, amma tam
hüquqi-institusional inteqrasiyası üçün sülh sazişi zəruridir.
-
Rusiya
bu müddətdə Ermənistanda siyasi gərginlik yaratmağa, daxili qarşıdurmaları
alovlandırmağa və Paşinyanı zəiflətməyə çalışacaq. Amma Kreml bu dəfə geosiyasi
təcridə uğrayan tərəfdir.
-
İran
daha çox diplomatik vasitələrlə “narahatlıq” bildirəcək, amma prosesə təsir etmək
imkanları məhduddur. Xüsusilə Orta Dəhliz, Çin və Türk Dövlətləri Təşkilatı
kontekstində.
Əbu-Dabi masasında imzalanan heç bir sənəd
olmasa da, bu masa bir çox divarların çatladığını göstərdi. İndi bu bölgədə
sülh sadəcə “düşmənçiliyin olmaması” deyil, kommunikasiya, iqtisadi inteqrasiya
və strateji transformasiya deməkdir. Bu sülh “müharibəsizlik” yox, ortaq maraq
sülhü olacaq.
Əgər bu sülh baş tutarsa, Azərbaycan
geoiqtisadi güc mərkəzinə, Ermənistan tarixində ilk dəfə real suverenliyə, Türkiyə
Cənubi Qafqazda zəmanətçi gücə, ABŞ isə postsovet geosiyasətində yeni
formatlayıcı aktora çevriləcək.
Əgər baş tutmasa... bölgə yeni bir
müharibə yox, uzun və yorucu geosiyasi blokadaya məhkum edilə bilər. Və bu dəfə
heç kim əvvəlki yerində qalmaz.
Bu dəfə sülh sadəcə sənəd deyil – təqdim
edilən bir şansdır. Qərbin təminatı, Türkiyənin qarantiyası və Azərbaycanın
sabit iradəsi fonunda Cənubi Qafqaz ilk dəfə “keçmişin yox, gələcəyin”
masasında oturub.
İndi sual budur: bu fürsətə sülh qələmi
toxunacaq, yoxsa yeni oyunçular onu yenidən “partlayış düyməsinə” çevirəcək?
Rusiya bölgədən çıxırmı?
Rusiya hazırda çəkilir, amma tam çıxmır. 2020-ci ildən fərqli olaraq, Moskva artıq oyunun mərkəzində deyil. Əbu-Dabi görüşü göstərdi ki, Bakı-İrəvan xəttində Vaşinqton və Ankara mühüm aparıcı qüvvələrə çevrilib. Lakin Kreml, heç şübhəsiz, Cənubi Qafqazı tamamilə tərk etməyə razı olmayacaq. Moskva bu prosesi ləngitmək, ya da öz alətləri ilə manipulyasiya etmək istəyəcək. Ermənistandakı “5-ci kolon” (revanşist müxalifət, kilsə, Rusiya yönlü mətbuat və təhlükəsizlik məmurları) Paşinyanı zəiflətmək üçün hələ də aktivdir. Lakin, artıq bu “kolon” əvvəlki kimi “devrim” etmə gücündə deyil. Ermənistan cəmiyyəti müharibədən, itkilərdən və Rusiya asılılığından yorulub. Bu mənada Rusiyanın təsir dairəsi daralır, amma proses bitməyib.
SSRİ-nin
dağılmasından sonra Moskva Cənubi Qafqazda nə hərbi işğal, nə də dostluq yolu
ilə, tamamilə “rəhbərlik edən xaos” üzərindən mövqeyini qoruyurdu. Qarabağ
münaqişəsi isə, bu strategiyanın ən ideal laboratoriyası idi: Moskva bu
konflikt vasitəsilə həm Azərbaycanı, həm də Ermənistanı “tənzimləyirdi”.
Amma artıq Qarabağ problemi Azərbaycan tərəfindən
tam və birtərəfli həll edilib. Ermənistan “süni münaqişə tələsi”ndən çıxmaq istəyir.
Prezident İlham Əliyevin siyasəti nəticəsində Cənubi Qafqazda mövcud reallıqlar
dəyişib. Azərbaycan müstəqil geosiyasi oyunçuya çevrilib və Türkiyə ilə
strateji ittifaqda, Qərb ilə əməkdaşlıqda balanslı siyasət yürüdür. Ermənistan
isə, ilk dəfə real şəkildə Rusiya orbitindən uzaqlaşmağa və ABŞ-Avropa-Türkiyə
üçlüyünə yaxınlaşmağa çalışır. Bu mənzərə fonunda artıq Kreml yeni bir mexanizm
təqdim edə bilmir – nə təhlükəsizlik təklifi var, nə iqtisadi inteqrasiya cazibəsi,
nə də normativ alternativ. Bütün bunlar Rusiyanın “parçala və hökm sür”
modelini iflic edib.
“The Hill” və “The Moscow Times” kimi nüfuzlu
nəşrlərin fikirləri göstərir ki, Qərb artıq Ermənistanı Rusiya ilə kəsən xəttin
bir ucu kimi deyil, Azərbaycan və Türkiyə ilə bağlanan yeni kəsişmə nöqtəsi
kimi görmək istəyir. Bu məqsədlə Ermənistanın Rusiya ilə təhlükəsizlik, enerji
və iqtisadi asılılıqları azaldılır. Azərbaycanla birbaşa və dolayı regional
inteqrasiyalar gücləndirilir (Zəngəzur, Orta Dəhliz, Avropa bağlantısı). Türkiyə
vasitəsilə Türk Dünyası ilə körpü salınır. İsrail-Azərbaycan-Türkiyə müdafiə xətti
isə, İran və Rusiyaya qarşı yeni “yumşaq blok” yaradır. Yəni, “rəqibləri birləşdirməklə
özünü ifşa edən imperiya” modelindən “rəqibləri ortaq maraqlara söykənərək birləşdirən
geostrateji sistemə keçid” müşahidə olunur.
Əslində bu yaxınlaşmanı yalnız “taktiki
birlik” kimi görmək yanlışdır. Söhbət artıq ortaq iqtisadi və geosiyasi
arxitekturadan, vahid tranzit sistemindən, qarşılıqlı təzyiqlərə qarşı dirənişdən
və status-kvo yaratmaq istəyindən gedir.
Yeni müharibə riski varmı?
Tez bir zamanda – xeyr. Ancaq uzunmüddətli
strateji risk qalır. Əgər Ermənistan sülh prosesindən yayınsa, Qərb zəmanət
verməsə, Rusiya revanşist qüvvələri dəstəkləsə, o zaman lokal təxribatlar, təcavüz
aktları, informasiya müharibələri və yeni toqquşmalar baş verə bilər. Bu,
1999-cu ilin parlament terroru kimi hadisələrin təkrarlanması formasında deyil,
“yumşaq və rəqəmsal müharibə” mərhələsində baş verər.
Kreml üçün hazırda üç seçim görünür:
-
Revanş
və xaos: Ermənistanda çevriliş cəhdi, kilsə və müxalifət vasitəsilə sabitliyin
pozulması;
-
“Əl
saxla və gözlə” strategiyası: NATO və Qərbin diqqəti dağılana qədər zamana
oynamaq;
-
Bölgədən
mərhələli çəkilmə və yeni format təklifi: (əgər bu mümkün olsa) Rusiya Zəngəzurda
hansısa texniki iştirak və ya müşahidə missiyası ilə yerini qorumağa çalışa bilər.
Lakin reallıq budur ki, artıq nə Ermənistan,
nə də Azərbaycan üçün Rusiya təhlükəsizlik, tərəfdaşlıq və ya gələcək model təqdim
edə bilmir.
İran bu sülhdən razıdırmı?
İran ikili dilemma ilə üz-üzədir: sülhü
istəyir, çünki regionda müharibə onun şimal sərhədlərini riskə atır. Sülhü istəmir,
çünki bu sülh Zəngəzurda geosiyasi balansı dəyişir və Türk-Azərbaycan tandemini
gücləndirir. Ona görə də, İran rəsmi olaraq neytral və barışdırıcı görünməyə, əslində
isə prosesi nəzarətə almağa çalışacaq. Tehran Qərbin rolundan narazı olsa da,
Rusiyanın çöküşü ilə onu təkbaşına əvəzləyə bilmir.
Əgər proses bu sürətlə davam etsə və
Paşinyan seçkilərədək dayanmazsa, 2025-ci ilin ortalarında sülh sazişi
mümkündür. Ancaq bu sənəd, zəmanət mexanizmləri ilə bərkidilməli, Ermənistanın
hüquqi və ideoloji sisteminə inkişaf mərhələsində inteqrasiya olunmalı, Qərb və
Türkiyənin qəti siyasi iradəsi ilə müşayiət olunmalıdır. Əgər bu baş verməzsə,
böyük sülh böyük bir illüziyaya çevrilə bilər.
İlham Əliyevin yürütdüyü siyasət fərqli və
yeni reallıqlar yaradıb. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan və Ermənistan
arasında böyük sülh, Zəngəzur dəhlizi və Orta Dəhlizin inteqrasiyası reallığa
çevrilir. Bütün bunların hamısı postsovet Qafqazının sonu və Avrasiya sivil
yolunun başlanğıcıdır. Əgər bu proses baş tutarsa:
-
Rusiya
ilk dəfə Cənubi Qafqazı tamamilə itirmiş olacaq;
-
İranın
bölgədəki manevr sahəsi daralacaq;
-
Ermənistan
real müstəqillik qazanacaq;
-
Azərbaycan
lider, Türkiyə isə garant gücə çevriləcək.
Bu isə tarix üçün bir sualdır: Rusiya Cənubi Qafqazı itirirmi? – Artıq “bəli” cavabını təsdiqləyən proseslər gedir. Bəs bu proses dayandırıla bilərmi? – Sadəcə Ermənistan və Azərbaycan istəməsə. Onlar isə, artıq yeni gələcəyi seçib.
Cross Media Təhlil Mərkəzinin analitiki, fəlsəfə doktoru
19:59 14.07.2025
Oxunuş sayı: 956
