Tehranla danışıqların aparılması həyati əhəmiyyət daşıyır - Rafael Qrossi

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri cümə günü İranla nüvə inspektorlarının fəaliyyətinin bərpası üçün danışıqların “həyati əhəmiyyətini” bir daha vurğulayıb.
Xatırladaq ki, Tehran İsrail və ABŞ-la nüvə proqramı ilə bağlı 12 günlük münaqişədən sonra Agentliklə əməkdaşlığı dayandırıb.
Rafael Qrossi “BAEA-nın İranda zəruri monitorinq və yoxlama fəaliyyətlərini mümkün qədər tez bərpa etmək üçün Tehranla danışıqlar aparmasının həyati əhəmiyyətini bir daha vurğulayıb”.
BAEA-nın digər bir açıqlamasında bildirilib ki, son münaqişə dövründə İranda qalan agentlik müfəttişləri artıq Vyanadakı qərargaha qayıdıblar.
Xatırladaq ki, İsrail iyunun 13-də İranda bir sıra hərbi və nüvə obyektlərinə hücumlar həyata keçirib, nəticədə ölkənin bir neçə yüksək rütbəli komandiri və aparıcı alimləri həlak olub. İran buna cavab olaraq cavab zərbələri endirib. Daha sonra ABŞ münaqişəyə qoşularaq İranda üç nüvə obyektini bombalayıb. ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs iyunun 24-də qüvvəyə minib.
İran rəsmiləri BAEA-nı İsrail və ABŞ-ın hücumlarını qınamamaqda ittiham edib, həmçinin iyunun 12-də Tehranın nüvə öhdəliklərini yerinə yetirməməsini ittiham edən qətnamə qəbul etdiyinə görə agentliyi tənqid ediblər.
İran Rafael Qrossini İsrailin xeyrinə casusluqda ittiham edərək onun ölkəyə daxil olmasına qadağa qoyduğunu açıqlayıb.
İyunun 25-də İran parlamenti BAEA ilə əməkdaşlığın dayandırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib. Qanun ertəsi gün Qvardiya Şurası tərəfindən təsdiqlənib və iyulun 2-də Prezident Məsud Pəzeşkian tərəfindən imzalanaraq qüvvəyə minib.
İran bəyan edib ki, hələ də Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) sadiq qalır, lakin artıq BAEA-ya etibar etmir.
00:14 05.07.2025
Oxunuş sayı: 909