Moskvada müəmmalı ölüm: Transneft-in vitse-prezidenti pəncərədən yıxılaraq öldü

Rusiyanın neft boru kəməri operatoru “Transneft”in rəsmisi Andrey Badalovun ölümü ilə bağlı istintaq başladılıb.
Crossmedia.az xəbər verir ki, TASS agentliyinin hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən verdiyi məlumata görə, “Transneft”in rəqəmsal transformasiya və informasiya texnologiyalarına cavabdeh vitse-prezidenti Andrey Badalov Moskvada pəncərədən yıxılaraq həyatını itirib.
Onun cəsədi Rublyovskoye şossesi üzərində yerləşən bir binanın altında aşkar edilib. İlkin versiya olaraq ölüm səbəbinin intihar olduğu bildirilir.
Rusiya Federasiyası İstintaq Komitəsi Badalovun intihara yönəldilməsi ehtimalı ilə bağlı cinayət işi başlanması və ya rədd edilməsi barədə prosessual qərarın qəbul ediləcəyi istintaq aparıldığını açıqlayıb.
Badalovun 17-ci mərtəbədən yıxıldığı və bir müddətdir sağlamlıq problemləri yaşadığı qeyd olunub.
Qeyd edək ki, Andrey Badalov 2021-ci ildən bəri “Transneft”də rəqəmsal transformasiya və informasiya texnologiyaları üzrə vitse-prezident vəzifəsində çalışırdı.
Mədinə Cəlilova
02:00 05.07.2025
Oxunuş sayı: 937