KİV: ABŞ-nin Ukraynaya hərbi yardımını dayandırması Rusiya qoşunlarının imkanlarını artırıb

ABŞ-nin Ukraynaya hərbi yardımını dayandırması Rusiya qoşunlarının cəbhə xəttində irəliləməsini sürətləndirib.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
Qeyd olunub ki, bundan əvvəlki yardımın dayandırılması hallarında da bənzər tendensiya müşahidə olunmuşdu.
Təhlildə bildirilir ki, 2023-cü ilin payızında və 2024-cü ilin qış-yaz aylarında ABŞ yardımında yaşanan gecikmələr Rusiya qüvvələrinin əvvəllərlə müqayisədə daha sürətli irəliləməsi üçün şərait yaradıb. Xüsusilə 2024-cü ilin yanvarında Rusiya ordusu Donetsk vilayətinin Avdiyivka istiqamətində hücumlarını xeyli intensivləşdirib və fevral ayında bu ərazini ələ keçirmək üçün böyük sayda canlı qüvvə və texnika cəmləyib.
Qeyd edək ki, bu dövrdə ABŞ Konqresində oktyabr 2023-dən aprel 2024-ə qədər Ukraynaya əlavə yardım paketinin qəbul olunması ilə bağlı gedən uzun müzakirələr Ukrayna ordusunun mövqeyini zəiflədib. Avdiyivkaya qarşı hücum zamanı Ukrayna Silahlı Qüvvələri xüsusilə artilleriya sahəsində ciddi çatışmazlıqla üzləşib və bu da Rusiya qoşunlarının daha az qarşıatəş təzyiqi ilə hücum etməsinə imkan yaradıb.
Rusiya qüvvələri Avdiyivkanı nəzarətə götürdükdən sonra hücumlarını yüksək intensivliklə davam etdirərək qərb istiqamətində irəliləməyə cəhd edib. Bahar aylarında isə Pokrovsk şəhərini ələ keçirmək məqsədilə genişmiqyaslı əməliyyatlara başlayıb. Bu zaman ABŞ yardımının dayandırılması Ukraynanın döyüş sursatları ilə təchizatına ciddi təsir göstərməkdə davam edib.
İnstitutun hesablamalarına görə, 6 dekabr 2023 – 24 aprel 2024 tarixləri arasında ABŞ yardımının dayandırıldığı dövrdə Rusiya qüvvələri gündə orta hesabla 3 kilometr irəliləyə bilib. Bu irəliləyişin əsas hissəsi Donetsk vilayətində baş verib. Halbuki, 2023-cü ilin iyun-dekabr aylarında — ABŞ və müttəfiqlərin Ukraynaya intensiv yardım etdiyi dövrdə — Rusiya gündə orta hesabla 1.1 kvadrat kilometr ərazi itirmiş, ümumilikdə isə 203 kvadrat kilometr əraziyə nəzarəti itirmişdi.
Xumar Emilqızı
21:13 03.07.2025
Oxunuş sayı: 804