Ermənistan parlamenti zorakı hakimiyyət dəyişikliyini pisləyən bəyanat qəbul edib

Ermənistan parlamenti ölkədə hakimiyyətin zorakı yollarla dəyişdirilməsi cəhdlərini qətiyyətlə pisləyən bəyanat qəbul edib. Hakim “Mülki Müqavilə” fraksiyasının təşəbbüsü ilə hazırlanmış sənəd parlamentin 57 üzvü tərəfindən dəstəklənib. Müxalif “Hayastan” və "Şərəfim var" fraksiyaları iclasa qatılmayıb, səsvermədə bitərəf və ya əleyhinə səs verən deputat olmayıb.
Crossmedia.az bildirir ki, bəyanatda hakimiyyətin zorakılıqla ələ keçirilməsinə hazırlıq kimi qiymətləndirilən hərəkətlərə görə dərin narahatlıq ifadə olunub. Sənəddə Erməni Apostol Kilsəsinin siyasi proseslərə cəlb olunmasının qəbuledilməz olduğu vurğulanır və bütün siyasi qüvvələr belə halları pisləməyə çağırılır. Bundan əlavə, bəyanatda radikal təzahürləri dəstəkləməkdə və bu cür bəyanatlara görə məsuliyyət daşımaqda ittiham olunan Ermənistanın bəzi keçmiş liderləri də sərt tənqid edilib.
Qeyd edək ki, 25 iyun tarixində bir sıra axtarış və həbslər həyata keçirilib. “Müqəddəs mübarizə” hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan və onun tərəfdarları saxlanılıb. Ermənistanın İstintaq Komitəsi onların hakimiyyəti silahlı yolla ələ keçirmək planlarının qarşısının alındığını açıqlayıb. Saxlanılan şəxslər terror aktları hazırlamaq, kütləvi iğtişaşlar təşkil etmək və hökuməti devirməyə cəhd etmək kimi ağır ittihamlarla üzləşiblər.
Baş nazir Nikol Paşinyan məsələ ilə bağlı açıqlamasında hüquq-mühafizə orqanlarının “kriminal-oliqarx-klerikal” dairələrin hakimiyyəti zorla ələ keçirməyə yönəlmiş planlarının qarşısını aldığını bildirib.
20:57 03.07.2025
Oxunuş sayı: 804