Pezeşkian: “Biz həmişə xalqlarla divarlar hörmək yox, körpülər qurmağa çalışmışıq”

İran prezidenti Məsud Pezeşkian ölkəsinin tarixi irsi və mədəni dəyərləri ilə bağlı sosial media hesabında paylaşım edib. O, xalqlar arasında münasibətlərdə düşmənçilik yox, əməkdaşlıq və dostluğun əsas götürülməsinin vacibliyini vurğulayıb.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Pezeşkian “X” sosial şəbəkəsində etdiyi paylaşımda İranın mədəni irsini və sivilizasiya dəyərlərini önə çəkərək yazıb: “İran mədəniyyəti və sivilizasiyasının mərkəzində bəşəriyyətin ağrısını azaltmaq üçün çoxlu təcrübələrimiz var. İran gözəlliklə doludur. Onun hər güncündə dostluq yayılır. Biz həmişə başqa millətlərlə divarlar hörməyə yox, körpülər qurmağa çalışmışıq. Biz sülhün tərəfdarıyıq, müharibənin düşməniyik və eyni zamanda sərhədi, təhlükəsizliyi və İran xalqını müdafiə etmək əzmindəyik”.
Paylaşımda Pezeşkianın İranın qədim tarixinə diqqət yetirməsi də diqqətdən yayınmayıb. O, Əhəmənilər imperiyasının paytaxtı olan Persepolisin (Təxt-e Cəmşid) qalıqlarını əks etdirən görüntüləri də paylaşaraq, ölkəsinin qədim mədəniyyətə və bəşəriyyətə verdiyi töhfələrə işarə edib.
Fatimə Nəbiyeva
19:13 03.07.2025
Oxunuş sayı: 853