Ukrayna hücumunda Rusiya Donanması komandanının müavini öldürülüb

Ukraynanın həyata keçirdiyi hücum nəticəsində Rusiya Donanması Komandanının müavini, Tümgeneral Mixail Qudkov həlak olub. Rəsmi məlumatlara görə, o, iyulun 2-də Rusiyanın Kursk vilayətində həyatını itirib. Qudkov müharibənin əvvəlindən bu yana Ukrayna tərəfindən öldürülən ən yüksək rütbəli rus hərbçilərdən biridir.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Rusiya Federasiyasının Primorskiy diyarının qubernatoru Oleq Kojemyako Tümgeneral Qudkovun xidmət başında öldüyünü təsdiqləyib. Onun sözlərinə görə, hücum zamanı Qudkovla yanaşı başqa hərbçilər də həlak olub, lakin dəqiq say və təfərrüatlar açıqlanmayıb. Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, Qudkov komanda mərkəzinə endirilmiş zərbə nəticəsində 10 əsgərlə birlikdə öldürülüb.
Qudkov daha əvvəl Rusiya ordusunun 155-ci Dəniz Piyada Briqadasına rəhbərlik edib. Həmin briqada Ukrayna əsirlərinin edamı ilə bağlı xəbərlərlə gündəmə gəlmişdi. Bir neçə rus hərbçisi əsir götürülmüş ukraynalıların öldürülməsində iştirak etdiklərini və ya buna şahid olduqlarını etiraf etmiş, işgəncə və edam görüntüləri internetə sızdırılmışdı.
Sakit Okean Donanmasına tabe olan 155-ci Dəniz Piyada Briqadası 2024-cü ilin avqustunda Ukraynanın həyata keçirdiyi gözlənilməz əməliyyatdan sonra Kursk vilayətinə yerləşdirilmişdi. Qudkov həmin əməliyyatlar zamanı briqadanın komandanı kimi fəaliyyət göstərib.
Kremlin rəsmi məlumatına görə, Mixail Qudkov 2025-ci ilin martında Vladimir Putin tərəfindən Rusiya Donanması Komandanının müavini təyin olunmuşdu. O, həmçinin “Ukraynaya qarşı aparılan hərbi əməliyyatlarda göstərdiyi şücaətə görə” dövlət mükafatı ilə təltif olunmuşdu. Ukrayna tərəfi hələlik Qudkovun ölümü ilə bağlı rəsmi açıqlama yaymayıb.
Fatimə Nəbiyeva
18:11 03.07.2025
Oxunuş sayı: 679