Tramp administrasiyası Bakı və İrəvana Naxçıvan marşrutu ilə bağlı təklif təqdim edib

ABŞ prezidenti Donald Trampın administrasiyası Azərbaycan və Ermənistan hökumətlərinə Azərbaycanın qərb bölgəsini Naxçıvanla birləşdirəcək nəqliyyat marşrutu ilə bağlı konkret təklif təqdim edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Diplomatların bildirdiyinə görə, Vaşinqtonun təqdim etdiyi bu plan illər öncə Avropa İttifaqı tərəfindən təklif olunan və 2008-ci il Rusiya-Gürcüstan müharibəsindən sonra razılaşdırılan mexanizmə bənzəyir. Həmin plana əsasən, mübahisəli ərazilərdən keçən yolların idarəsi İsveçrədə yerləşən müstəqil şirkətə həvalə ediləcək, şirkət isə bütün logistik məlumatları maraqlı tərəflərlə bölüşəcəkdi.
Aİ eyni yanaşmanı Cənubi Qafqaz üçün də təklif etsə də, Ermənistan-Azərbaycan sərhədində baş verən gərginlik və xüsusilə 2023-cü ildə Qarabağda vəziyyətin kəskinləşməsi bu təşəbbüslərin qarşısını almışdı.
Məsələ ilə bağlı Carnegie analitiki qeyd edir ki, regionda nəqliyyat kommunikasiyalarının açılması hələ də əsas müzakirə mövzularındandır. Orta Dəhliz layihəsi Rusiya ərazisindən yan keçən marşrut kimi ön plana çıxır. Bu marşrut Çin və Avropanı Mərkəzi Asiya, Xəzər hövzəsi və Cənubi Qafqaz üzərindən birləşdirə bilər ki, bu da Rusiya-Ukrayna müharibəsindən sonra strateji əhəmiyyət kəsb edir.
Təklif edilən marşrut Ermənistan ərazisindən keçməklə Türkiyə ilə Azərbaycanı, daha sonra isə Mərkəzi Asiyanı birləşdirə bilər. Ankara bu dəhlizə xüsusi strateji maraq göstərir.
Azərbaycan tərəfinin mövqeyi necədir?
Karnegi analitiki bildirir ki, rəsmi Bakı ümumilikdə təklifə etiraz etmir. Lakin Azərbaycan təkid edir ki, ilk olaraq ölkənin əsas hissəsi ilə Naxçıvan arasında cənub marşrutu (Zəngəzur dəhlizi) açılmalıdır. Bu layihə 2020-ci il Qarabağ müharibəsindən sonra imzalanan üçtərəfli bəyanatda da əks olunub və həmin sənədə əsasən, marşrutun idarəsində Rusiyanın iştirakı nəzərdə tutulur.
Hazırda Cənubi Qafqazda kommunikasiyaların açılması regionun sabitliyi və geosiyasi tənzimlənməsi üçün əsas məsələlərdən biri kimi qalır.
13:23 03.07.2025
Oxunuş sayı: 622