KİV: ABŞ Ukraynaya Polşada saxlanılan silahların verilməsini dayandırıb

ABŞ Ukraynaya çatdırılması planlaşdırılan və hazırda Polşada yerləşən silahların tədarükünü dayandırıb. Bu addım Ukraynaya hərbi yardımın tamamilə kəsilməsi anlamına gəlmir. Pentaqon bəyan edib ki, yardımın dayandırılması prezident Donald Trampın müharibəni bitirmək məqsədlərinə uyğun yeni strategiyaların hazırlanması ilə bağlıdır.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir:
Pentaqonun sözçüsü Şon Parnell jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ Müdafiə Nazirliyi hərbi yardımı yenidən qiymətləndirir və administrasiyanın prioritetlərinə uyğun gələn alternativ variantları Trampa təqdim edəcək.
Dövlət Departamentinin sözçüsü Tammi Bryus da məsələ ilə bağlı açıqlama verərək bildirib: “Biz Ukraynaya silah tədarükünü tam dayandırmamışıq. Bu, sadəcə bir epizoddur. Yardımla bağlı digər güclü alternativlər üzərində işlər davam edir”.
Qeyd olunur ki, bu qərar Ukrayna üçün ən çətin dövrlərdən birində verilib. Avropa istehsalı olan silahlar və yerli müdafiə sistemləri İran istehsalı “Shahed” PUA-larına və uzaqmənzilli qanadlı raketlərə qarşı effektiv nəticələr göstərsə də, yalnız “Patriot” sistemləri ballistik raketlərə qarşı real müdafiə qabiliyyəti nümayiş etdirə bilir.
Lakin son dövrlərdə Rusiyanın daha çevik və manevr qabiliyyətli ballistik raketlərdən istifadə etməsi “Patriot” sistemlərini də çətin vəziyyətə salıb. Ukraynalı rəsmilərin bildirdiyinə görə, bəzi raketlər artıq bu sistemlərin radarından yayınmağı bacarır.
Pentaqonun müharibə müxbiri Tom Bowman Polşada ilişib qalan və Ukraynaya göndərilməsi planlaşdırılan silahların siyahısını da dərc edib. Siyahıya aşağıdakılar daxildir:
92 ədəd AIM-7 raketi
30 ədəd Patriot (PAC-3 MSE) raketi
8496 ədəd 155 mm-lik haubitsa mərmisi
142 ədəd AGM-114 Hellfire raketi
252 ədəd GMLRS raketi
25 ədəd Stinger raketi
25 ədəd AT-4 qumbaraatan
Hazırda Ukraynanın bu silah və sursatlara ehtiyacı çox yüksəkdir və ABŞ-ın qərarı Kiyevin müdafiə imkanlarına ciddi təsir edə bilər.
13:07 03.07.2025
Oxunuş sayı: 573