İngiltərədə İsrailə silah satışı böhranı: Parlamentdə F-35 ixracı ilə bağlı çağırış

İngiltərədə F-35 qırıcı təyyarələrinin komponentlərinin İsrailə ixracı ilə bağlı yaranan mübahisə parlamenti qarışdırıb. Ədalət və sülh tərəfdarı olan Mühafizəkar Partiya millət vəkili Riçard Burqon hökuməti İsrailə silah satışını dayandırmağa çağırıb və əks halda parlamentdə bu məsələ ilə bağlı səsvermə təşkil edəcəyini bildirib.
Crossmedia.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, mövzu ilə bağlı İngiltərə Yüksək Məhkəməsinin qərarı da ictimaiyyətin və siyasətçilərin diqqətində olub. Fələstin mərkəzli “Al-Haq” insan haqları təşkilatı və Böyük Britaniya mənşəli “Qlobal Hüquqi Fəaliyyət Şəbəkəsi” (GLAN) hökumətin İsrailə silah satışı ilə bağlı məhkəməyə müraciət etmişdi. Lakin Yüksək Məhkəmə qərara alıb ki, İsrailə hərbi texnika, o cümlədən F-35 təyyarələrinin hissələrinin ixracı “məhkəmələrin deyil, hökumət və parlamentin səlahiyyətinə aid məsələdir”.
Qərarın ardından məhkəmə binası qarşısında çıxış edən millət vəkili Burqon bildirib ki, hökumət bu qərardan məmnun olan tərəflərlə birlikdə rahatlıq hissi keçirsə, bu böyük səhv olar. “Məhkəmə çox açıq şəkildə bildirib ki, F-35 hissələrinin ixracı ilə bağlı qərar vermək onların səlahiyyətində deyil. Bu, artıq siyasi və demokratik proseslərin mövzusudur”, – deyə Burqon vurğulayıb.
O əlavə edib: “Hökumət qərar verməlidir – İsrailin Qəzzada həyata keçirdiyi soyqırıma ortaq olaraq F-35 ixracını davam etdirəcək, yoxsa bu ixracı dayandırmaqla düzgün və mənəvi bir qərar verəcək?”
Burqon əgər hökumət bu addımı atmasa, parlamentdə F-35 ixracının davam edib-etməməsi ilə bağlı dərhal səsvermə keçirilməsini tələb edəcəyini bildirib.
Millət vəkili eyni zamanda vurğulayıb ki, Britaniya cəmiyyətinin böyük əksəriyyəti İsrailə silah satışına qarşıdır: “Artıq hökumət xalqın səsini eşitməli, hüquqi prosedurların arxasına sığınıb məsuliyyətdən yayınmamalı və həm mənəvi, həm də demokratik öhdəliklərini yerinə yetirməlidir”.
Mədinə Cəlilova
04:00 03.07.2025
Oxunuş sayı: 881