İsveçrə ilə ABŞ arasında F-35 qalmaqalı: “Aldadıldıq” – milyardlıq skandal

Fransanın “Le Monde” qəzeti İsveçrə ilə ABŞ arasında 2022-ci ildə imzalanmış F-35 döyüş təyyarələri müqaviləsinin ölkədə milli skandala çevrildiyini yazıb.
Crossmedia.az xəbər verir ki, xəbərdə bildirilənə görə, İsveçrə ordusu üçün sifariş verilmiş 36 ədəd F-35 təyyarəsinin qiyməti əvvəl açıqlanan 6 milyard İsveçrə frankını aşaraq əlavə maliyyət tələb edir. İsveçrə hökuməti bu səbəbdən ABŞ tərəfindən aldadıldıqlarını iddia edir və 19 sentyabr 2022-ci ildə imzalanan müqavilədə sabit qiymət maddəsinin yer aldığını bildirir.
Təyyarələrin 2027–2030-cu illərdə mərhələli şəkildə İsveçrə ordusuna təhvil verilməsi planlaşdırılır. ABŞ isə məsələyə reaksiyasında “sabit qiymət” məsələsində anlaşılmazlıq olduğunu qeyd edib.
25 iyun 2025-ci ildə İsveçrənin müdafiə naziri Martin Pfister uzun müddət davam edən söz-söhbətlərdən sonra F-35-lərin vergi ödəyicilərinə əlavə olaraq təxminən 1 milyard İsveçrə frankına başa gələcəyini etiraf edib. Le Monde yazır ki, bu etiraf sabit qiymət anlayışının yalnız F-35-in seçilməsinə zəmin yaratmaq məqsədilə uydurulduğunu göstərir.
Qəzet əlavə edir ki, bəzi müşahidəçilər bu əlavə maliyyətin iki qat artacağı ehtimalını irəli sürür. Müzakirələr xüsusilə İsveçrə pilotlarının üstünlük verdiyi Fransanın Rafale təyyarələrinin əvəzinə ABŞ-nin daha baha başa gələn F-35-lərinin seçilməsi fonunda qızışıb.
İsveçrə parlamentinin üzvü Pyer-Alen Fridets bildirib ki, tender prosesində Amerikan təyyarəsinin seçilməsinə yönəlik manipulyativ elementlər olub. Onun sözlərinə görə, seçim meyarları yalnız F-35-ə uyğunlaşdırılıb və Rafale qarşısında daha bahalı F-35-in seçilməsi üçün “sabit qiymət” mifi yaradılıb.
Deputat əlavə edib ki, bu seçim prosesi zamanı şəffaflıq prinsiplərinin dəfələrlə pozulması faktı əsl dövlət səviyyəsində bir skandalın göstəricisidir.
Mədinə Cəlilova
03:00 03.07.2025
Oxunuş sayı: 958