Min illik möcüzə: Bal niyə heç vaxt xarab olmur? – Alimlər sirri açdı

Balın min illərlə xarab olmadan qala bilməsi alimlərin marağına səbəb olub. Araşdırmalar göstərir ki, bu təbii məhsulun uzunömürlü olması onun unikal kimyəvi xüsusiyyətləri ilə bağlıdır.
Crossmedia.az xəbər verir ki, BBC tərəfindən yayımlanan məlumatda balın xarab olmamasının əsas səbəbləri arasında az su miqdarı, yüksək turşuluq dərəcəsi və antibakterial təsirli maddələr ön plana çıxır.
Alimlər bildirirlər ki, arılar balı hazırlayarkən onun tərkibindəki suyun miqdarını 60-80 faizdən 15-18 faizə qədər azaldırlar. Bu, mikroorqanizmlərin çoxalması üçün əlverişsiz şərait yaradır. Eyni zamanda, balın pH səviyyəsi 3-4 aralığında olduğu üçün kif və bakteriyalar burada inkişaf edə bilmir.
Balın tərkibinə arılar tərəfindən əlavə olunan qlükoza oksidaza adlı ferment də mühüm rol oynayır. Bu ferment su ilə təmasda olduqda hidrogen peroksid adlı antibakterial maddə ifraz edir və balı xarici təsirlərdən qoruyur.
Mövzu ilə bağlı tarixi faktlar da diqqət çəkir. Belə ki, Misir fironlarının məzarlarından tapılan min illik bal nümunələrinin hələ də istehlaka yararlı olduğu müəyyən edilib.
Mütəxəssislər balın keyfiyyətini qorumaq üçün onun quru, sərin və qapalı mühitdə saxlanılmasını tövsiyə edirlər. Bal kristallaşdığı halda isə onu bir qədər isidərək əvvəlki vəziyyətinə qaytarmaq mümkündür.
Beləliklə, həm təbiətin mükəmməl formulu, həm də arıların bioloji bacarığı nəticəsində bal demək olar ki, əbədi saxlanıla bilən məhsula çevrilir.
Nigar Rəhimova
02:00 03.07.2025
Oxunuş sayı: 966