Mühüm razılaşma: Türkmənistan qazı Azərbaycana nəql olunacaq

Dünya iqtisadiyyatı və Azərbaycan (Layihənin müəllifi Rüfət Quliyevdir)
Azərbaycanla Türkmənistan araaında ucuz Türkmənistan qazının Trans-Xəzər qaz borusu vasitəsilə Azərbaycana nəqli və tranziti ilə bağlı razılaşma var. Xüsusilə də Amerika mənbələrindən daxil olan məlumatlara əsasən, bu layihənin reallaşma ehtimalları mövcuddur və Vaşinqtonda keçirilən son görüşlərdən sonra həmin imkanların əhəmiyyətli dərəcədə artdığı müşahidə olunur.
Bu sözləri Crossmedia.az-a açıqlamasında Milli Məclisin dörd çağırş deputatı (III, IV, V, VI) , iqtisad elmləri doktoru, professor Rüfət Quliyev bildirib.
"Dəfələrlə vurğulamışıq ki, Azərbaycanla Türkmənistan arasında həm siyasi razılaşmalar, həm də iqtisadi təşəbbüslər mövcuddur. Bu əməkdaşlığın əsas məqsədi Türkmənistanın ucuz qazının Transxəzər qaz kəməri vasitəsilə Azərbaycana nəqli, daha sonra isə Avropa bazarına tranzitidir. Şübhəsiz ki, bu layihə ilk növbədə Avropanın enerji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Məhz buna görə də 8 avqust görüşündən sonra bir çox amerikalı ekspertlər qeyd edirlər ki, layihənin yaxın aylarda icrasına başlanacağı realdır.
Hudson İnstitutunun aparıcı əməkdaşı, Vaşinqtonda fəaliyyət göstərən tanınmış analitik Luke Coffey dəfələrlə vurğulayıb ki, Transxəzər kəməri həm Türkmənistan, həm Azərbaycan, həm Türkiyə, həm də Avropa ölkələri üçün mühüm strateji layihədir. Azərbaycanın mövcud nəqliyyat imkanları Avropaya qaz ixracının artırılmasını nəzərdə tutur. Hazırda illik ixrac həcmi 13–14 milyard kubmetrdir. 2027–2028-ci illərdə bu rəqəmin iki dəfə artırılması planlaşdırılır. Bunun üçün zəruri infrastruktur dəyişiklikləri həyata keçiriləcək.
Digər vacib məqam isə ondan ibarətdir ki, Azərbaycan artıq Türkmənistan qazının tranzitində də maraqlıdır. Hər iki ölkənin rəhbərləri bu istiqamətdə razılığa gəliblər. Əvvəllər Xəzərin dibi ilə qaz kəmərinin çəkilməsinə qarşı çıxan əsas ölkələr Rusiya və İran idi. Lakin hazırkı geosiyasi proseslər göstərir ki, hər iki dövlətin diqqəti başqa problemlərə yönəlib. Rusiya Ukraynadakı müharibə səbəbindən həm iqtisadi, həm də maliyyə baxımından ciddi çətinliklərlə üzləşib. İran isə nüvə sazişi üzrə danışıqlara və daxili sosial-iqtisadi problemlərə fokuslanıb. Buna görə onların Transxəzər layihəsinə aktiv şəkildə qarşı çıxmaq imkanları məhduddur".
Müsahibimiz bildirib ki, ABŞ və Avropa İttifaqı layihəni dəstəkləyir, Çin isə ona müsbət yanaşır: "Bu şəraitdə texniki planlaşdırmanın sürətləndirilməsi mümkündür. Xüsusilə nəzərə almaq lazımdır ki, Türkmənistan qaz ehtiyatlarına görə dünyanın ilk beşliyindədir və onun qazı olduqca ucuzdur. Hazırda Türkmənistan yalnız Çinə qaz ixrac edir və Rusiya ilə müəyyən “swop” əməliyyatları aparır. Transxəzər kəməri isə Türkmənistana yeni, geniş bazar qapısı açacaq".
Professor, həmçinin Azərbaycan və Türkmənistan qazının birgə tranzitinin region üçün böyük göstərici olduğunu qeyd edib: "Proqnozlara görə, Azərbaycan və Türkmənistan qazının birgə tranziti nəticəsində Avropaya 100 milyard kubmetrə qədər qaz tədarük etmək mümkün olacaq. Bu, region üçün olduqca böyük göstəricidir. Əlbəttə, Azərbaycanın təkbaşına Rusiyanı Avropa bazarında tam əvəz etməsi hələ real deyil. Hazırkı potensial təxminən 25–27 milyard kubmetrlə məhdudlaşır. Lakin Türkmənistan qazının şəbəkəyə qoşulması və yeni kəmərlərin inşası ilə bu həcmin dəfələrlə artması mümkündür. Layihənin icrası yalnız enerji deyil, həm də siyasi baxımdan Azərbaycan üçün mühüm üstünlüklər yaradacaq. Avropa bazarına daha sıx inteqrasiya ölkəmizin strateji əhəmiyyətini artıracaq. Nəticədə qeyri-neft sektorundan, xüsusilə qaz tranzitindən əldə olunan gəlirlərin payı xeyli yüksələcək. Ümumiyyətlə, bütün proseslər yarı-gizli formada gedir. Hazırda smeta, maliyyələşmə mənbələri və layihədə iştirak edəcək şirkətlər üzərində iş aparılır. Yaxın perspektivdə, bəlkə də, gələn ilin ortalarından praktiki addımların başlanması gözlənilir. Bu isə Azərbaycanın regional və qlobal enerji xəritəsində rolunu daha da möhkəmləndirəcək"- deyə professor bildirib.
Elmir Heydərli
15:46 13.09.2025
Oxunuş sayı: 1190
