İran Fordodakı vəziyyətlə bağlı açıqlama verdi: “Uran zənginləşdirilməsi davam etdiriləcək”

İranın xarici işlər naziri Abbas Əraqçi CBS telekanalına verdiyi müsahibəsində Fordo nüvə obyektində baş verən hadisə ilə bağlı açıqlama verib. Nazir qeyd edib ki, hazırda orada nə baş verdiyi barədə dəqiq məlumata malik olan yoxdur.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Abbas Əraqçi Fordodakı hadisə nəticəsində zərərin miqyasının böyük və ciddi olduğunu bildirib. Onun sözlərinə görə, İranın Atom Enerjisi Təşkilatı hazırda hadisəni araşdırır və qiymətləndirmə işləri aparılır. Araşdırmaların nəticələri yaxın günlərdə hökumətə təqdim olunacaq.
Nazir əlavə edib ki, uranın zənginləşdirilməsi prosesi dayandırılmayacaq və bu istiqamətdə İran ciddi şəkildə fəaliyyətini davam etdirəcək. “Biz bu proqramı qorumağa çalışacağıq. Təbii ki, İranın nüvə proqramı yalnız sülhməramlı məqsədlər daşıyır və bizim nüvə silahı əldə etmək kimi bir niyyətimiz yoxdur”, – deyə Abbas Əraqçi vurğulayıb.
O, həmçinin qeyd edib ki, İran xalqının sülhməramlı məqsədlərlə nüvə texnologiyasından istifadə etmək hüququ var və bu hüquqdan imtina olunmayacaq.
Fatimə Nəbiyeva
19:20 02.07.2025
Oxunuş sayı: 954