Almaniya Aralıq dənizində miqrantların xilasına ayırdığı vəsaiti dayandırdı

Almaniya Aralıq dənizində miqrantları xilas edən qeyri-hökumət təşkilatlarına maliyyə yardımını dayandırır. Rəsmi Berlin bu vəsaitləri insanların doğma ölkələrini tərk etməsinə səbəb olan sosial və humanitar problemlərin həllinə yönəltmək niyyətindədir. Xarici işlər naziri Yohann Vadeful bildirib ki, Almaniya əziyyət çəkən insanlara yardım göstərməyə davam edəcək, lakin dənizdə xilasetməni maliyyələşdirmək Xarici İşlər Nazirliyinin işi deyil.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, uzun illərdir minlərlə insan müharibə və yoxsulluq səbəbindən Avropaya təhlükəli sularla üz tutub və çoxu bu yolda həyatını itirib. Almaniyanın əvvəlki sol yönümlü hökuməti bu riskli keçidlərdə miqrantları xilas edən təşkilatlara illik 2 milyon avro ayırırdı.
Qeyri-hökumət təşkilatları bu yardımı mühüm mənbə sayırdı. “Sea-Eye” təşkilatı bildirib ki, 2015-ci ildən bəri 175 min insan bu tip əməliyyatlar nəticəsində xilas edilib. Onların ümumi büdcəsinin 10 faizi Almaniya hökumətindən alınan vəsait olub.
Fevralda keçirilən seçkilərdə qalib gələn kansler Fridrix Mersin rəhbərlik etdiyi mühafizəkarlar partiyası miqrasiyaya qarşı sərt tədbirlər vəd etmişdi. Almaniyada bir çox seçici miqrasiyanın nəzarətdən çıxdığını düşünür və bu amil ifrat sağçı Almaniya üçün Alternativ partiyasının parlamentdə ikinci ən böyük gücə çevrilməsinə səbəb olub.
Ekspertlər bildirirlər ki, miqrasiyanın əsas səbəbi qaynaq ölkələrdəki böhranlardır və Avropa ölkələrinin sərt mövqeyi miqrant axınını dayandırmır. “Sea-Eye” rəhbəri Gorden İzler yeni qərarın əlavə xilasetmə əməliyyatlarını mümkünsüz edə biləcəyini deyib. Müxalifətdəki Yaşıllar partiyası isə bu addımı humanitar böhranı dərinləşdirəcək qərar kimi dəyərləndirib.
Fatimə Nəbiyeva
23:10 01.07.2025
Oxunuş sayı: 909