Tramp və Mask arasında gərginlik yenidən alovlandı: Tramp Maskı subvansiya ilə təhdid etdi

ABŞ Prezidenti Donald Tramp ilə milyarder iş adamı İlon Mask arasında bir ay əvvəl başlayan siyasi qarşıdurma açıq şəkildə yenidən alovlanıb. İyunun sonlarında qarşılıqlı sərt açıqlamalarla gərginlik pik nöqtəyə çatıb.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Tramp və Mask arasında əvvəllər mövcud olan siyasi ittifaq artıq rəsmi şəkildə başa çatmış hesab olunur. Ötən ay Tramp Maskın biznes maraqlarına qarşı tədbirlər görmək niyyətində olduğunu açıqlamış, dünyanın ən varlı insanı olan Mask isə Trampın vəzifəsindən uzaqlaşdırılmalı olduğunu bildirmişdi. Hər iki tərəf sonradan yumşaldıcı bəyanatlar versə də, bazar ertəsi yeni qarşılıqlı hücumlar baş verib.
İlon Mask Trampın vergi güzəştləri və dövlət xərcləri ilə bağlı qanun layihəsini bir daha tənqid edib. Mask əvvəllər Hökumət Effektivliyi Departamentinin (DOGE) rəhbəri olmuş və dövlət xərclərinin azaldılmasını hədəfləmişdi. O, qanun layihəsini dəstəkləyən Respublikaçılara sərt reaksiya verərək bunu “siyasi intihar” adlandırıb və Respublikaçı Partiyanı “Porky Pig Partiyası” kimi təqdim edib. Qeyd edək ki, Porky Pig – Warner Bros. şirkətinin məşhur Looney Tunes cizgi filmlərindəki kekələyən donuz obrazıdır.
Tesla və SpaceX şirkətlərinin sahibi olan Mask, əgər bu qanun qəbul edilərsə, “America Party” (Amerika Partiyası) adlı yeni siyasi partiya quracağı ilə hədələyib. O, ABŞ-də mövcud olan Demokrat-Respublikaçı sisteminə alternativin lazım olduğunu bildirib. Sahib olduğu X sosial media platformasında paylaşım edən Mask qeyd edib: “Xalqın həqiqi səsinin eşidilməsi üçün bu zəruridir".
Maskın bu açıqlamaları onun may ayında verdiyi “Siyasətə daha az vəsait ayıracağam” bəyanatından sonra gəlib. Halbuki ötən il Trampın prezidentlik kampaniyasına yüz milyonlarla dollar dəstək göstərmişdi.
İlon Maskın sərt tənqidlərinə cavab olaraq Donald Tramp çərşənbə axşamı günü Truth Social platformasında yazıb ki, Maskın şirkətlərinə göstərilən dövlət dəstəkləri – sübvansiyalar dayandırıla bilər. “Artıq nə raketlərə, nə peyk istehsalına, nə də elektrikli avtomobil istehsalına dəstək veriləcək. Bu sayədə ölkəmiz də xeyli vəsaitə qənaət etmiş olacaq" – deyə Tramp vurğulayıb.
O, həmçinin əlavə edib: “Sübvansiyasız Mask dükanı bağlayıb Cənubi Afrikaya qayıtmağa məcbur ola bilər".
Eyni gün Ağ Evdə jurnalistlərin “Maskın vətəndaşlığı ləğv oluna bilərmi?” sualına Tramp, “Bilmirəm, araşdırmaq lazımdır” – deyə cavab verib.
Daha sonra isə zarafatla və ya ciddi olduğu bilinməyən bir ifadə ilə əlavə edib: “Bəlkə Elona qarşı DOGE-u salarıq. DOGE-un nə olduğunu bilirsiniz – o, qayıdıb Ilon-u yeyə biləcək canavardır".
Fatimə Nəbiyeva
22:40 01.07.2025
Oxunuş sayı: 868