Avropada həyat iflic oldu: Temperatur 46 dərəcəyə çatdı, evlər boşaldıldı, xaos təhlükəsi yaxınlaşır

Avropa ölkələri bu yay fövqəladə isti hava dalğası ilə mübarizə aparır. Portuqaliya, İspaniya, Fransa, İtaliya və Yunanıstan günlərlə davam edən yandırıcı istilərin təsiri altındadır.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, suyun istifadəsinə məhdudiyyətlər tətbiq olunub, meşə yanğınlarına görə fövqəladə vəziyyət elan edilib.
İspaniyanın Huelva bölgəsində yerləşən El Granado şəhərində havanın temperaturu 46 dərəcəyə yüksəlib. Bu, 1965-ci ildə Sevilyada qeydə alınmış 45.2 dərəcəlik əvvəlki iyun rekordu ilə müqayisədə ən yüksək göstəricidir.
Yunanıstanda 23 bölgədə yanğın riski yüksək səviyyəyə çatıb və “sarı xəbərdarlıq” rejimi tətbiq olunub. Afina, Krit, Midilli, Sakız və Selanik kimi şəhərlərdə vəziyyət kritik olaraq qiymətləndirilir.
Belçikada 1–3 iyul tarixlərində temperaturun 35 dərəcəni keçəcəyi proqnozlaşdırılıb və “narıncı xəbərdarlıq” elan olunub. Meteoroloji qurum əhalini, xüsusilə yaşlılar və uşaqları isti hava şəraitindən qorumağa çağırıb.
Portuqaliyada isə paytaxt Lissabonun şərqində yerləşən Mora şəhərində 46.6 dərəcə temperatur qeydə alınıb. Ölkənin 18 bölgəsindən 7-si “qırmızı xəbərdarlıq” rejimindədir.
İtaliyada isə Toskana başda olmaqla bir çox bölgədə xəstəxanalara müraciətlər 20 faiz artıb. Bolonya şəhərində 47 yaşlı bir tikinti işçisi günvurma nəticəsində həyatını itirib. Səlahiyyətlilər günorta saatlarında açıq havada işləməyə qadağa tətbiq edir.
Fransada isə tarixdə ilk dəfə isti hava xəbərdarlıqları ölkənin demək olar ki, bütün ərazisini əhatə edib. 200 məktəb müvəqqəti bağlanıb. Cənub-qərb bölgəsində baş verən meşə yanğını nəticəsində 400 hektarlıq sahə yanıb, 100-dən çox insan təxliyə olunub.
Almaniyada da təhlükə artır. Bəzi bölgələrdə havanın 40 dərəcəyə yaxınlaşacağı bildirilir. Berlin ətrafındakı Brandenburg əyalətində hökumət işəgötürənləri əlavə tədbirlər görməyə çağırıb.
Avropanın böyük hissəsində həm gündüz, həm də gecə davam edən bu ekstremal istilər, həm əhalinin sağlamlığını, həm də infrastrukturun davamlılığını ciddi təhdid altına alıb. Həkimlər isti günlərlə isti gecələrin birləşərək insan bədəni üzərində ölümcül təsir yarada biləcəyinə diqqət çəkirlər.
Mədinə Cəlilova
20:50 01.07.2025
Oxunuş sayı: 709