Tehranda güclü partlayış: Müdafiə sistemləri işə düşdü, yaralananlar var

İranın paytaxtı Tehranda ötən gecə güclü partlayış baş verib. Yerli vaxtla saat 21:20-dən 21:45-dək Beheşti qəsəbəsi yaxınlığında şiddətli səslər eşidilib. Hadisə nəticəsində bir neçə nəfər, o cümlədən qadınlar və uşaqlar yaralanıb, avtomobillərə ciddi ziyan dəyib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, partlayışlardan əvvəl şəhərin yaxınlığında pilotsuz uçuş aparatı və ya raketin səmada göründüyü və hədəfə alındığı ehtimal olunur. Bir neçə dəqiqə sonra isə müdafiə sistemlərinin səhvən atdığı zenit mərmisi şəhərin içərisinə düşərək partlayıb. Bu zaman hadisə yerində qan izləri müşahidə olunub.
Yaralanan şəxslər dərhal xəstəxanaya yerləşdirilib. Hadisə yerinə beş təcili tibbi yardım avtomobili göndərilib. Yerli sakinlər partlayışın güclü təzyiqlə müşayiət olunduğunu və binaların şüşələrinin titrədiyini bildiriblər.
İran rəsmiləri hələlik insidentlə bağlı rəsmi açıqlama verməyiblər. Hadisənin terror hücumu, texniki nasazlıq və ya səhv müdafiə reaksiya olub-olmadığı araşdırılır. Sosial şəbəkələrdə yayılan görüntülərdə partlayış anı və tüstü qalxan ərazi əks olunub.
Fatimə Nəbiyeva
12:12 01.07.2025
Oxunuş sayı: 645