İranlı millət vəkili: “ABŞ ilə danışıqlar dayanarsa, Tramp İrana hücum edə bilər”

İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əhməd Bəxşayeş Ərdəstani ABŞ ilə aparılan nüvə danışıqlarının kəsilməsi halında ciddi nəticələr ola biləcəyi barədə xəbərdarlıq edib. O, xüsusilə ABŞ prezidenti Donald Trampın İrana hərbi hücum ehtimalının real olduğunu vurğulayıb.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Ərdəstani açıqlamasında Trampın “sözünün üstündə duran” biri olduğunu qeyd edərək deyib: “Tramp sözünün üstündə duracaq və İslam Respublikasına hücum edəcək”. O, İranın ABŞ-nin gələcək siyasətləri ilə üzləşməyə hazır olması üçün konkret addımlar atmalı olduğunu bildirib.
Millət vəkili ABŞ ilə yaranmış fikir ayrılıqlarının diplomatik yolla həlli üçün “strateji komitə” yaradılmasının vacibliyini də vurğulayıb. O, belə bir komitənin, Vaşinqtonla dialoqun davam etdirilməsi və gərginliyin azaldılması üçün uyğun platforma ola biləcəyini deyib.
Ərdəstani əlavə edib ki, əgər ABŞ ilə danışıqlar yenidən dayandırılarsa, İran ciddi nəticələrə hazır olmalı, ölkənin təhlükəsizliyinin və suverenliyinin qorunması üçün qabaqlayıcı tədbirlər görməlidir.
Fatimə Nəbiyeva
09:11 01.07.2025
Oxunuş sayı: 770