Vaşinqtondan Moskvaya cavab: “Sülhü biz yox, siz ləngidirsiniz”

ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kellogg Kremlin sözçüsü Dmitri Peskovun son açıqlamasına cavab verib. Kellogg X sosial şəbəkəsində paylaşım edərək bildirib ki, sülh danışıqlarını ləngidən tərəf nə ABŞ, nə də Ukraynadır – əslində Rusiya prosesi uzatmağa çalışır.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Kellogg “Kyiv Independent” qəzetinin mövzu ilə bağlı paylaşımını sitat gətirərək qeyd edib: “Rusiyanın, sülh danışıqlarını ABŞ və Ukraynanın yubatdığına dair iddiaları əsassızdır. Prezident Tramp bu müharibəni sona çatdırmaqda ardıcıl və qətiyyətli olub”.
O, əlavə edib ki, “Rusiya Ukraynada mülki hədəfləri bombalamağa davam etdiyi müddətdə vaxt udmaq hüququna malik deyil”
Digər tərəfdən, Kremlin sözçüsü Dmitri Peskov Rusiya və Ukrayna arasında üçüncü raund sülh danışıqlarının tarixinin tezliklə dəqiqləşəcəyini gözlədiklərini deyib.
Peskov Moskvada jurnalistlərin suallarını cavablandırarkən qeyd edib: “Üçüncü tur danışıqların nə zaman keçiriləcəyi hələ bəlli deyil, lakin bunun ən qısa zamanda aydınlaşacağını gözləyirik”.
Fatimə Nəbiyeva
08:39 01.07.2025
Oxunuş sayı: 789