Avropa Birliyi və Ukrayna yeni ticarət sazişində razılığa gəldi

Avropa Komissiyası Ukrayna ilə müvəqqəti ticarət çərçivəsini əvəz edəcək, daha uzunmüddətli və balanslı yeni ticarət sazişinin prinsipləri üzərində razılaşdığını açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, əsas ticarət mexanizmi olan Dərin və Əhatəli Azad Ticarət Zonası (DCFTA) yenilənib. Yeni razılaşma Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı hücumundan sonra tətbiq edilən Avtonom Ticarət Tədbirlərinin (ATM) yerini alacaq. Avropa Komissiyası bu sazişin Ukraynanın Aİ-yə inteqrasiyası üçün vacib mərhələ olduğunu vurğulayıb.
Yeni saziş Ukraynanın kənd təsərrüfatı məhsullarını Aİ bazarına çıxarmasına dəstək göstərməklə yanaşı, İttifaqın kənd təsərrüfatı sektorunda yaranan narazılıqları da nəzərə alır. Ukrayna 2028-ci ilə qədər kənd təsərrüfatı standartlarını Aİ normalarına uyğunlaşdırmağı öhdəsinə götürüb. Həssas məhsullar – yumurta, şəkər, buğda üzrə kvotalar artırılsa da, əvvəlki azadolmalardan daha məhdud olacaq. Süd tozu, göbələk, üzüm suyu kimi bəzi məhsullarda isə tam azadolma nəzərdə tutulur.
Ukrayna həmçinin Aİ-dən idxal olunan donuz əti, şəkər və quş əti üzrə kvotaları artıracaq. Bu dəyişikliklərin Ukraynaya qonşu olan Aİ ölkələri üçün ixrac imkanlarını genişləndirəcəyi gözlənilir.
Hazırda sazişin texniki detalları üzərində iş aparılır. Avropa Komissiyası yaxın günlərdə razılaşmanı Aİ Şurası və Avropa Parlamentinə təqdim edəcək. Təsdiqdən sonra yekun qərar Aİ-Ukrayna Tərəfdaşlıq Komitəsində veriləcək. Komissar Şefçoviç bu razılaşmanın Aİ-Ukrayna münasibətlərinə sabitlik və proqnozlaşdırıla bilənlik gətirəcəyini bildirib.
Fatimə Nəbiyeva
08:30 01.07.2025
Oxunuş sayı: 803