Trampın atəşkəslə bağlı bəyanatı İsrail tərəfindən təkzib olunub

ABŞ Prezidenti Donald Tramp Qəzzadakı hərbi əməliyyatlar və blokada fonunda tərəfləri atəşkəsə çağırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Tramp şəxsi “Truth Social” hesabında paylaşım edib.
O, iyunun 27-də Ağ Evdə keçirilən mətbuat konfransı zamanı da Qəzzadakı vəziyyəti “dəhşətli” adlandıraraq, yaxın bir həftə ərzində atəşkəsin əldə olunacağına ümid etdiyini bildirib:
“Məncə, növbəti bir həftə ərzində atəşkəs əldə olunacaq. Bu məsələ ilə bağlı bəzi şəxslərlə az əvvəl danışdım”, – deyə Tramp qeyd edib.
“Yedioth Ahronoth” qəzetinin məlumatına görə, İsrail rəsmiləri Trampın açıqlamalarını təəccüblə qarşılayıblar. Onlar HƏMAS və İsrailin mövqelərində ciddi dəyişiklik olmadığını, məhbus mübadiləsi danışıqlarında isə irəliləyiş qeydə alınmadığını bildiriblər.
Rəsmilərin fikrincə, Trampın bəyanatı daha çox siyasi istək xarakteri daşıyır. ABŞ administrasiyasının atəşkəs və bölgədə normallaşma səylərinə dəstək verdiyi qeyd olunsa da, hazırda konkret diplomatik nəticənin olmadığı vurğulanır.
Qeyd olunur ki, Qətər və Misirin vasitəçiliyi ilə aparılan danışıqlar davam etsə də, hələlik nəticə əldə edilməyib. Eyni zamanda, ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun bölgəyə səfəri ilə bağlı yayılan məlumatlar da təkzib edilib.
Aybəniz Səfərova
20:27 29.06.2025
Oxunuş sayı: 671