Trampdan Qəzza mesajı: Anlaşma bağlayın

ABŞ Prezidenti Donald Tramp İsrailin hücum və işğalı altında olan Qəzzaya dair paylaşımında razılaşma çağırışı İsrail mediasına görə, Trampın bu istiqamətdə verdiyi başqa bir açıqlama İsraildə təəccüblə qarşılanıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin Qəzza zolağına qarşı 20 aydan artıqdır davam edən hücum, işğal və blokadası fonunda ABŞ Prezidenti Donald Tramp sosial media hesabında bölgəyə dair paylaşım edib. O, özünə məxsus “Truth Social” platformasında etdiyi paylaşımda belə deyib: “Qəzzada razılaşma əldə edin. Əsir və girovları geri qaytarın”.
Tramp 27 iyun cümə günü Ruanda ilə Demokratik Konqo Respublikası arasında 30 illik münaqişənin sona çatması münasibətilə Ağ Evdə keçirilən mətbuat konfransında da Qəzza ilə bağlı danışıb. Qəzzada atəşkəsin nə qədər yaxın olduğuna dair suala cavabında Tramp belə deyib: “Qəzzada vəziyyət dəhşətlidir və düşünürəm ki, qarşıdakı həftə ərzində atəşkəs təmin ediləcək”. O əlavə edib ki, bu məsələ ona tez-tez ünvanlanır və “Az öncə bu məsələyə cəlb olunan bəzi şəxslərlə danışdım”,- deyə vurğulayıb.
İsrail mediasında yayılan xəbərlərə əsasən, Trampın Qəzza zolağında atəşkəsin yaxın olduğuna dair açıqlamaları İsrailli rəsmilər tərəfindən təəccüblə qarşılanıb. Onlar İsrail Baş naziri Benyamin Netanyahunun mövqeyində heç bir dəyişikliyin olmadığını bildirib.
“Yedioth Ahronoth” qəzetinin xəbərinə görə, əsir müzakirələri ilə bağlı məlumatlı anonim rəsmilər Trampın açıqlamalarını sadəcə “siyasi arzular” kimi qiymətləndirib. Onlar həm HƏMAS, həm də Netanyahu tərəfində heç bir dəyişiklik əlamətinin olmadığını bildirib
Rəsmilərin sözlərinə görə, ABŞ administrasiyası bölgədə normallaşma prosesini genişləndirmək üçün atəşkəsi, İsrailli əsirlərin geri qaytarılmasını və müharibənin dayandırılmasını əhatə edən geniş bir razılaşmanı dəstəkləyir. Lakin Trampın “qarşıdakı həftə ərzində atəşkəs olacaq” kimi nikbin açıqlamalarının nə ilə əsaslandırıldığını anlaya bilmədiklərini bildiriblər.
Tərəflər arasında əsir mübadiləsi ilə bağlı irəliləyiş barədə onlara hər hansı bir məlumat verilmədiyini bildirən rəsmilər, Qətər və Misirin vasitəçiliyi ilə pərdəarxası təmasların davam etdiyini, lakin bu görüşlərin hələlik nəticə vermədiyini qeyd ediblər.
Bundan əlavə, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Witkoffun bölgəyə səfər edəcəyi ilə bağlı iddiaların da doğru olmadığı bildirilib. İsrailli rəsmilər Trampın İsrail-İran toqquşmasından sonra yaranmış geosiyasi fürsəti dəyərləndirərək yeni bir siyasi uğur qazanmağa çalışdığını düşünür.
Mədinə Cəlilova
13:40 29.06.2025
Oxunuş sayı: 592