Paşinyandan din xadimlərinə sərt mesaj: “Onların problemi mənimlə deyil, Allahladır”

Ermənistanın Baş naziri Nikol Paşinyan din xadimləri ilə münasibətləri barədə səsləndirilən suallara sərt reaksiya verib.
Crossmedia.az erməni mediasına istinadən xəbər verir ki, Paşinyan ruhanilərlə şəxsi problemi olmadığını bildirərək, onların davranışlarını tənqid edib:
“Ruhanilərlə problemim və ya ruhanilərin mənimlə problemi olması barədə deyilənlər yanlışdı. Məncə, bizim din xadimlərinin problemi Allahladır. Subay kahinlər bekarlıq andı içərək şəxsi həyatlarından imtina edirlər. Katolikosun şəxsi həyatı ola bilməz. Əgər birinin şəxsi həyatı varsa, deməli, o artıq katolikos deyil”, – deyə o vurğulayıb.
Baş nazir, həmçinin, bildirib ki, din xadimləri ilə bağlı məsələlər üzrə ona Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) tərəfindən daimi məlumat verilir:
“MTX mənim tabeliyimdə olan qurumdur və hər gün ölkədəki əməliyyat vəziyyəti barədə hesabat təqdim edir. Din xadimləri də zaman-zaman öz davranışları ilə bu hesabatların diqqət mərkəzində olurlar”.
Xatırladaq ki, Paşinyan bundan əvvəl də Katolikos II Qaregini subaylıq andını pozmaqda ittiham etmiş, onun övlad sahibi olduğunu bildirmişdi.
Aybəniz Səfərova
12:50 29.06.2025
Oxunuş sayı: 980