Tramp Xameneinin sərt sözlərindən sonra sanksiya qərarını dəyişdi

ABŞ Prezidenti Donald Tramp İranın ali dini lideri Ayətullah Əli Xameneinin son bəyanatından sonra İrana qarşı sanksiyaların yumşaldılması ilə bağlı bütün işləri dərhal dayandırdığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Tramp "Truth Social" sosial media platformasında paylaşım edib.
ABŞ lideri bildirib ki, son günlərdə administrasiyası İrana qarşı sanksiyaların mümkün ləğvi üzərində işləyirdi:
“Son bir neçə gün ərzində mən sanksiyaların mümkün ləğvi və digər tədbirlər üzərində işləyirdim ki, bu, İrana tam, sürətli və hərtərəfli iqtisadi bərpa şansı verəcəkdi. Lakin bu işləri dərhal dayandırdım”.
Trampın sözlərinə görə, qərarın əsas səbəbi Xameneinin “ABŞ və İsrail üzərində qələbə” bəyanatı olub. ABŞ Prezidenti bu açıqlamanı yalan və məsuliyyətsiz adlandırıb:
“Qondarma Ali Lider Xamenei müharibədən əziyyət çəkən ölkəsinin İsrail üzərində qələbə qazandığını bildirir. Halbuki onun ölkəsi ciddi zərbələrə məruz qalıb, üç nüvə obyekti məhv edilib. Mən onun harada gizləndiyini bilirdim və ABŞ Silahlı Qüvvələrinin ona qarşı əməliyyat keçirməsinə icazə verməzdim. Təşəkkür əvəzinə isə qəzəb, nifrət və ikrahla qarşılandım”.
Tramp əlavə edib ki, İran rəhbərliyinin bu cür davranışları nəticəsində ölkə məhv olmuş, ordu çökən iqtisadiyyat və ölüm təhlükəsi ilə üz-üzə qalmış bir dövlətə çevrilib. O, xəbərdarlıq edib ki, əgər Tehran beynəlxalq nizamla inteqrasiyaya qayıtmasa, vəziyyət daha da ağırlaşacaq.
Qeyd edək ki, iyunun 13-də İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. 24 saat sonra İran cavab zərbəsi endirib. İyunun 22-də ABŞ da münaqişəyə qoşularaq İranın üç nüvə obyektini vurub. Növbəti gün İran ABŞ-nin Qətərdə yerləşən Əl-Udeid hərbi hava bazasına raket hücumu təşkil edib. ABŞ tərəfi hücum zamanı itki və ciddi dağıntıların olmadığını bildirib.
İyunun 24-də Tramp İran və İsrail arasında tam atəşkəsin qüvvəyə mindiyini açıqlayıb.
Lakin iyunun 26-da İranın dini lideri Ayətullah Əli Xameneinin mətbuat xidməti ölkənin “ABŞ və İsrail üzərində qələbə qazandığını” bəyan edən açıqlama yayıb.
Aybəniz Səfərova
19:31 28.06.2025
Oxunuş sayı: 1526