İsrailin Qəzzaya hücumu nəticəsində 43 fələstinli həlak olub

İsrailin
Qəzza zolağında müxtəlif bölgələrə endirdiyi artilleriya zərbələri nəticəsində
aralarında qadın və uşaqların da olduğu 43 fələstinli həyatını itirib.
Crossmedia.az xəbər verir ki, Qəzzadakı xəstəxana mənbələrinin məlumatına görə, İsrail ordusu ötən gecədən etibarən Qəzzanın şimal, mərkəz və cənub hissələrinə intensiv hücumlar təşkil edib.
Qəzza şəhərinin şimal-qərbində yerləşən Adnan əl-Alimi məktəbinə endirilən hücum nəticəsində 2 nəfər ölüb, bir çox insan yaralanıb. Xan Yunisin əl-Məvasi bölgəsində məcburi köçkünlərin sığındığı çadıra hücum zamanı isə 6 nəfər həyatını itirib. Ölənlər arasında eyni ailədən olan 3 qardaşın da olduğu bildirilib.
Rəfah
şəhərinin qərbində yerləşən və ABŞ-İsrailin rəhbərlik etdiyi “Qəzzaya Humanitar
Yardım Vəqfi”nin yardım paylama məntəqələrindən birində mülki şəxslərə açılan
atəş nəticəsində 6 nəfər həyatını itirib.
Qəzzanın
Tuffah məhəlləsində yerləşən Yaffa bazarına təşkil edilən hava hücumunda isə
aralarında daun sindromlu bir qız, qadınlar və yaşlıların da olduğu 11 fələstinli
həlak olub.
Qeyd edək ki, İsrailin son hücumları nəticəsində Qəzzada humanitar vəziyyət daha da ağırlaşıb.
Aybəniz Səfərova
18:42 28.06.2025
Oxunuş sayı: 981