“Qırmızı toy” əməliyyatı: Netanyahu İran hücumunu oğlunun toyuyla gizlədib

ABŞ-nin nüfuzlu Wall Street Journal (WSJ) nəşrinin iddiasına görə, İsrailin Baş naziri Benyamin Netanyahu, İranı bombalamağa başlamazdan əvvəl oğlu Avnerin toyunu diqqət yayındırıcı vasitə kimi istifadə edib.
İsrail-İran arasında 24 iyun tarixində atəşkəs əldə olunmasına baxmayaraq, döyüşlərin necə başladığına dair müzakirələr davam edir. ABŞ mətbuatında yer alan məlumata əsasən, İsrailin 13 iyun tarixli ilk hücumunun arxasında planlı və strateji gedişlər olub.
Crossmedia.az xəbər verir ki, WSJ-yə danışan ABŞ kəşfiyyat mənbələrinin məlumatına görə, hücuma əQırmızı Toy” kod adı verilib. İddiaya görə, Netanyahu, İranı çaşdırmaq və öz yerini gizlətmək üçün oğlunun iyunun 16-da keçirilməsi planlaşdırılan toyunu ictimaiyyətə açıqlayıb. Bundan bir neçə gün əvvəl isə guya tətildə olduğunu bəyan edib. Məqsəd, İranın ən azı 17 iyuna qədər İsraildən hücum gözləməməsini təmin etmək olub.
Mənbələr bildirir ki, bu planlardan Netanyahuya yaxın heç kimin – hətta oğlunun belə xəbəri olmayıb. Lakin toya bir neçə gün qalmış döyüşlərin başlaması səbəbilə toy mərasimi təxirə salınıb.
İsrail ordusunun yüksək rütbəli komandirləri 13 iyun gecəsi İsrail Hava Qüvvələrinin qərargahının altındakı bunkerdə toplaşıblar və həmin gecə İsrail qırıcılarının Tehran üzərinə endiyi əməliyyata nəzarət ediblər.
İsrailin “Yüksələn Aslan” adını verdiyi hücum əməliyyatı 13 iyunda başlayıb. Hədəf İranın nüvə və müdafiə obyektləri olub. Hücumlara cavab olaraq İran da müxtəlif hərbi və kiber zərbələrlə cavab verib. Münaqişə 12 gün davam edib.
22 iyunda ABŞ B-2 bombardmançı təyyarələri ilə İranın İsfahan, Natanz və Fordow bölgələrindəki nüvə obyektlərinə hücum təşkil edib. Ertəsi gün İran İraqda və Qətərdə yerləşən ABŞ hərbi bazalarını raket atəşinə tutaraq cavab verib.
Nəhayət, iyunun 24-də İran və İsrail arasında atəşkəs razılaşması qüvvəyə minib.
Mədinə Cəlilova
22:30 27.06.2025
Oxunuş sayı: 581